►Fərqli düşünən, hakim qüvvənin iradəsini qəbul etməyən insanların kütləvi şəkildə təqib olunduğunu bildirən ifadə.
İfadə orta əsrlərdə din xadimlərinin sehrbazlara və cadugərlərə qarşı apardığı kütləvi təqib və amansız mübarizə ilə bağlı yaranmışdır.
«Əcinnə ovu»na papa VIII İnnokentinin 1484-cü il dekabrın 5-də imzaladığı «Summis desiderantes» sərəncamı rəvac verib. Bundan iki il sonra kilsənin yaydığı «Əcinnələrin çəkici» adlı təlimat işıq üzü görüb. Həmin təlimatda şər qüvvələrlə əlaqədə şübhəli bilinənlərin aşkar edilməsi və dindirilməsi qaydaları əks olunub. Məhz bu andan etibarən inkvizisiya bütün səyini xristian dininin təmizliyinin qorunması üzərində cəmləşdirmək əvəzinə əcinnə və ovsunçuların kökünün kəsilməsi uğrunda amansız mübarizəyə yönəldib. «Əcinnələrin çəkici» kitabı o qədər populyar olub ki, tirajına görə hətta «Bibliya»nı da ötüb.
Bu illər ərzində İspaniya, Almaniya və İtaliyada 30 mindən artıq qadın əcinnə elan olunaraq qətlə yetirilib. 1589-cu ilin payızında cəmi 12 min nəfərin yaşadığı Kvedlinburqda bir gündə 133 «əcinnə» oda atılıb. Sənədlərdə göstərilir ki, təkcə 1609–1610-cu illərdə «Bask əcinnələri»nə qarşı məhkəmə proseslərinə ittiham edilən şəxs qismində 7000 nəfər cəlb olunmuşdu.
Avropanı bürümüş «əcinnə ovu» dalğasını yatırmaq üçün daha 150 il lazım gəldi. Belə ki, sonuncu «əcinnə»nin edam hadisəsi 1782-ci ildə İsveçrənin Qlarus şəhərində qeydə alınıb.
Maraqlıdır ki, «əcinnə ovu» ifadəsi XX əsrdə yenidən insanların leksikonuna qayıdıb. Hər hansı sosial təbəqənin nüfuzdan salınması üçün kütləvi informasiya vasitələrinin köməyi ilə aparılan siyasi kampaniyalar indi obrazlı şəkildə belə adlandırılır.
Məsəllər, deyimlər