fr. elite – seçilmiş, ən yaxşı
Cəmiyyətin sosial strukturunda idarəçilik funksiyalarını yerinə yetirən, elmin və mədəniyyətin inkişafını təmin edən ən yuxarı təbəqə.
E. real hakimiyyət, idarəçilik və təsir mexanizmlərinə malik insanların bir-biri ilə əlaqəli, dayanıqlı işbirliyidir. Hər bir E. cəmiyyətin həyatında yeni davranış modellərinin (stereotiplərin) yaradılması prosesini reqlamentləşdirir. Strukturuna görə E. kənardan təsirlərə tam açıq (“demokratiyanın hakimiyyəti”), yaxud kənar müdaxilələrə tam qapalı (“avtoritar cəmiyyət”) ola bilər. E.-nın keyfiyyəti malik olduğu imtiyazlar və üstünlüklər fonunda öz mürəkkəb funksiyalarını yerinə yetirmək qabiliyyəti ilə ölçülür. Fəaliyyət sahəsinə görə siyasi, iqtisadi, elmi, mədəni, hərbi və s. E.-lar fərqləndirilir. KİV-in E.-larla, ilk növbədə, siyasi E. ilə qarşılıqlı münasibətləri, əsasən, medianın ictimai rəyə təsir gücü və cəmiyyətdə nüfuzundan asılıdır. Buna uyğun olaraq media ilə siyasi E.-nın münasibətləri müxtəlif modellər üzrə qurulur: lobbiçilik; konstruktiv dialoq; hakimiyyət orqanlarının və nümayəndələrinin KİV-in idarəçiliyində qismən iştirakı; korrupsiya; siyasi hakimiyyətin medianın fəaliyyəti üzərində tam nəzarəti və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti