Reklam
Reklam

Məsəllər, deyimlər

ƏNCİR YARPAĞI

►Əsl niyyətin gizlədilməsinə, hansısa eybəcərliyin, eyibin, qüsurun ört-basdır olunmasına kömək edən vasitə.

İfadə «İncil» mifologiyasından, burada təsvir olunan süjetlərdən qaynaqlanır.

«İncil»ə görə, Adəm və Həvva Cənnətdə çılpaq idilər və bundan utanmırdılar. Yalançı ilan onları xeyir və şəri dərk eləməyə kömək edən ağacın qadağan olunmuş meyvələrindən dadmağa razı saldı və onlar öz çılpaqlıqlarından utandılar. Onda onlar əncir ağacının yarpağı ilə bədənlərinin intim yerlərini örtdülər.

XVI–XVIII əsr heykəltəraşları həmin əhvalatın motivlərindən istifadə edərək düzəltdikləri çılpaq heykəllərdə bədənin intim yerlərini əncir ağacının yarpaqları ilə örtdülər. Bu, incəsənətdə çılpaqlığı göstərməyi günah sayan kilsənin tələbi ilə edilirdi.

Sonralar «əncir yarpağı» ifadəsi «hansısa bir ədəbsizliyin riyakarcasına gizlədilməsi», yaxud «əsl niyyətin və ya bir işin vəziyyətinin gizlədilməsi», «eyibin örtülməsi» kimi məcazi məna verməyə başladı.

Məsəllər, deyimlər