►Boş-boş danışaraq başqalarını aldatmağa çalışan adamların dediyinin yalan olduğunu ifşa etmək məqsədilə işlədilən istehzalı ifadə.
İfadə xalq arasında yayılmış bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətdə deyilir ki, bir nəfər içərisi şüşə ilə dolu bir yeşiyi hambalın belinə yükləyib evlərinə aparmasını tapşırır və ona zəhmət haqqı olaraq pul əvəzinə üç faydalı məsləhət verəcəyini vəd edir.
Hambal ağır yükü böyük əziyyətlə gətirib evə çatdırır, həyətə girir və pilləkənlərlə yuxarı qalxmağa başlayır. Bir neçə pilləkən çıxdıqdan sonra dayanır və mal yiyəsinə: «Məsləhətlərini ver görək!» – deyə müraciət edir. Kişi deyir:
− Birinci məsləhətim budur: əgər bir adam sənə nisyənin nağddan yaxşı olduğunu sübut etməyə çalışsa, eşit, inanma!
Hambal bir qədər duruxur, amma yenə bir neçə pilləkən də yuxarı çıxıb dayanır və ikinci məsləhəti söyləməsini xahiş edir.
Mal sahibi deyir:
− İkinci məsləhətim budur: əgər bir adam sənə qara pulun gümüş puldan yaxşı olduğunu sübut etməyə çalışsa, eşit, inanma!
Hambal yenə bir neçə pilləkən qalxıb ikinci mərtəbəyə çatır, pilləkənin məhəccərinə söykənib üçüncü məsləhətin nədən ibarət olduğunu soruşur. Kişi ağıllı-ağıllı deyir:
− Üçüncü məsləhətim budur: əgər bir adam noxud şorbasının aşdan yaxşı olduğunu sübut etməyə çalışsa, eşit, inanma!
Hambal bu kişinin axmaq sözlər deyib onu qanmaz hesab etdiyini və aldadaraq işlətdiyini başa düşür, içərisi şüşə ilə dolu yeşiyi ikinci mərtəbədən həyətə tullayır və özünü itirib təəccüblə ona baxan mal sahibinə deyir:
− Əgər bir adam bu yeşiyin içərisində bir ədəd sağ şüşə qaldığını sübut etməyə çalışsa, eşit, inanma!
Məsəllər, deyimlər