Reklam
Reklam

Məsəllər, deyimlər

EŞŞƏK SƏNİN KİMİ AĞILLI OLSAYDI...

►Konkret situasiyada zahirən məntiqli görünən, amma işin zərərinə olan təkliflər səsləndirən adamlara münasibətdə məzəmmətlə işlədilən ifadə.

İfadə ərəb hakimlərindən birinin başına gəlmiş əhvalatdan qaynaqlanaraq yayılmışdır.

Günlərin bir günündə vilayətin əmiri əhalinin necə yaşadığını öyrənmək üçün təğyiri-libas olub el-obanı gəzirmiş. Bazar-dükanı gəzəndən sonra şəhərin kənarına çıxır və gəzə-gəzə gəlib bir dəyirmanın qapısı qabağında dayanır. Qapıdan baxıb görür ki, eşşək dövrə vuraraq dəyirmandaşını dolandırır. Eşşəyin boynundan bir zınqırov asılıb. Eşşək hərəkət etdikcə zınqırov səslənir. Mənzərə ona xoş gəlir. Odur ki əmir içəri daxil olur, salam-kalamdan sonra üzünü dəyirmançıya tutub soruşur:

– Eşşəyin boynundan nə üçün zınqırov asmısan?

Dəyirmançı əmiri tanımır, amma üst-başından ədəbli adam olduğunu zənn edib deyir:

– Bilirsən, ağa, əgər məni yuxu tutub mürgüləsəm, eşşək dayanar, zınqırovun da səsi kəsilər. Səs kəsiləndə mən bilirəm ki, eşşək dayanıb. Onda çığırıram, eşşək də dəyirmandaşını dolandırmağa başlayır.

Əmir azacıq düşünüb deyir:

– Bəs eşşək dayanıb sadəcə başını bulasa necə? Onda sən zınqırovun səsini eşidəcəksən, ancaq eşşək dayanmış olacaq.

– Ay ağa, axı bu eşşək sənin kimi ağıllı olsaydı, mənim işim getməzdi, – deyə dəyirmançı onun ağıllı, amma mənasız fikrinə belə cavab verir.

Məsəllər, deyimlər