Reklam
Reklam

Məsəllər, deyimlər

EŞŞƏKLİK ETMƏK

►Səhv addım atmaq, kobudluq etmək, kiminsə xətrinə dəymək, mənəviyyatdan və incəlikdən uzaq olmaq.

İfadəni ilk dəfə Şərqin böyük mütəfəkkiri Mövlananın işlətdiyi güman edilir.

Bununla bağlı əhvalatda deyilir ki, bir gün Mövlana dostlarına yenə məna inciləri saçırdı. Birdən başını qaldırdı və dostlarından soruşdu:

– Allah «Qurani-Kərim»də «Ən çirkin səs eşşək səsidir» deyə buyurur. Ən çirkin və ətürpədici səs nə üçün eşşəyə aid sayılır? Dostlarım, bunun mənasını bilirsinizmi?

Mövlananın dostları həddini bilən gözəl insanlar idi. Boyunlarını büküb açıqlamanı onun özündən eşitmək istədilər.

Mövlana belə açıqlama verdi:

– Hər heyvanın özünəməxsus bir inləməsi, bir zikri vardır. Bu səslərin hamısı Yaradan və ruzi verən Rəbbi zikr etmək üçündür.

Dəvənin böyürməsi, arının vızıldaması, aslanın nərildəməsi, quşların cəh-cəh vurması kimi bütün heyvanların səsi öz dillərində Allahı zikr etmələridir. Halbuki yazıq eşşək iki məlum vaxtda anqırır: cinsi yaxınlıq istəyəndə və acdıqda, yəni bu istəklərin əsiridir.

Buna görə də ruhunda Allah inancı və eşq səsi olmayan, başında bir sevda və sirr daşımayan şəxs Allah qatında eşşəkdən daha aşağıdır.

«Quran»da bu həqiqət belə açıqlanır: «Onlar heyvanlar kimi, bəlkə də, daha çox azğınlıqdadırlar» («Əraf» surəsi).

Məsəllər, deyimlər