ing. flash – alovlanma, an + ing. mob – kütlə
Bir qrup insanın gözlənilmədən ictimai yerdə toplaşaraq qısa müddət ərzində həyata keçirdiyi və cəld dağılışdığı qeyri-adi aksiya.
F. smartmobun növlərindən biridir. O, əvvəlcədən planlaşdırılır, iştirakçılar, əsasən, sosial şəbəkələr, telekommunikasiya vasitələri ilə əlaqə saxlayaraq toplantının vaxtı, yeri və ssenarisini razılaşdırırlar. F. ictimaiyyətin diqqətini hər hansı problemə (məsələn, mətbuat azadlığı, kitaba maraq, zorakılığa etiraz və s.) cəlb etmək məqsədilə, yaxud bir qrup şəxsin özünüifadə forması kimi həyata keçirilə bilər. İlk F. 2003-cü il iyunun 17-də Nyu-Yorkda Harper`s Magazine jurnalının redaktoru Bill Vasik tərəfindən təşkil olunub. 150–200 nəfər böyük univermağın xalça şöbəsində toplaşaraq şəhərkənarı anbarda bir yerdə yaşadıqlarını və «məhəbbət xalçası» almağa gəldiklərini deyib. Qısa müddətdə F.-lar dalğası Amerika və Avropanı bürüyüb. “Ginnesin rekordlar kitabı”na düşmüş ən böyük F. 2009-cu ildə Çikaqoda 21 min adamın iştirakı ilə keçirilib. F. termininə hələ XIX əsrdə Avstraliyada rast gəlinir. Burada qısa jarqon ifadələrlə danışan qadın məhbusların dilini fləş dil, özlərini fləşmob adlandırıblar. Müasir anlamda isə termin ilk dəfə Vasikin tədbirinin ardınca sosial şəbəkələrdə işlədilib və bir ildən sonra «qeyri-adi və mənasız aksiya» izahı ilə Oksford lüğətlərinə salınıb. “Yeni minilliyin Vebster lüğəti”ndə F. «internetdə təşkil olunan və ictimai yerdə toplaşaraq qəribə aksiya həyata keçirən, tez də dağılışan insan qrupu» kimi təfsir edilib. Media isə terminin əhatə dairəsini genişləndirərək onu məqsədli, o cümlədən siyasi xarakter daşıyan çevik aksiyalara da aid edib və beləliklə, F. termininin indiki anlamı formalaşıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti