►Az yeyən, zәrif, nəfsini gözləyən mömin adam haqqında işlədilən ifadə.
İfadənin mənşəyi dini rəvayətlərə gedib çıxır.
Həmin rәvayәtlәrin birində deyilir ki, Allahın buyruğuna əsasən, cәnnәtdә ikәn Adәmlә Hәvva gündә bir xurma ilә dolanırmışlar. Şeytan onları yoldan çıxarıb buğda yedirdənə qədər bu qida ilə kifayətlənirmişlər. Lakin «gündə bir xurma yemək» ifadəsinin Azərbaycan dilində bu qədər geniş yayılması həmin əhvalatla bağlı deyildir.
Bizdə daha çox kinayə və rişxəndlə işlədilən bu ifadә Cəlil Mәmmәdquluzadәnin məşhur «Ölülәr» (1909) pyesindәndir. Avam camaatı ölülәri dirildəcəyinә inandıran fırıldaqçı Şeyx Nәsrullah Hacı Hәsәnin evindә qalır. «Mübarək» qonağının şərəfinə ziyafət verən ev sahibi ona «cücә-plov» tәklif edəndə Şeyx Nәsrullah «әsәbilәşir»: «...Necә, cücә-plov? Şeyx Әһmәd, mәni hara gәtirmisәn? Bunlar necә müsәlmandırlar? Bu nәdir? (Otağın fәrşlәrini göstәrir.) Şeyx Әhmәd, mәgәr bunlara demәmisәn ki, mәnim xörәyim gündә bir xurmadır?»
İfadə həqiqi mənasında az yeməklə kifayətlənən, dünya malında gözü olmayan, hər şeydə nəfsini gözləyən mömin adamlar haqqında işlədilir.
Məsəllər, deyimlər