ər. hacaba – hərfi mənası: kiminsə bir yerə girməsinə mane olmaq; qapıçı, xidmətçi
Orta əsrlərdə bütün müsəlman Şərqində hökmdarın sarayında ən yüksək vəzifələrdən biri.
Bu vəzifə VII əsrdə Ərəb xilafətinin ilk dönəmlərində yaranıb. Öncə yalnız sarayın mühafizəsi, xəlifənin şikayətçilərlə görüşlərinin və müxtəlif mərasimlərin təşkili ilə məşğul olan H.-in səlahiyyətləri sonralar genişlənib. O, faktik olaraq dövlətin idarəçilik aparatının rəhbərinə çevrilib. Bu səbəbdən bir çox hallarda H. termini “vəzir” sözünün sinonimi kimi də işlənib. Orta əsrlərin sonuna qədər H.-lər müsəlman hökmdarlarının saraylarında böyük nüfuza malik olublar. Atabəy Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvan bir müddət Səlcuq sultanı Arslanşahın H.-i olub. Məşhur tarixçi və dövlət xadimi İbn Həldun (XIV əsr) da H. vəzifəsini icra edib.
Tarix terminləri lüğəti