Reklam
Reklam

Məsəllər, deyimlər

İNSAN YOXDURSA, PROBLEM DƏ YOXDUR

►İnsana, insanlığa, onun çətinlik və sıxıntılarına laqeyd və qəddar yanaşmanı bildirən ifadə.

İfadənin rus bolşevizmindən qaynaqlandığı güman edilir.

Bu ifadə rus yazıçısı Anatoli Rıbakovun «Arbat uşaqları» (1987) romanı işıq üzü görəndən sonra dərhal məşhurlaşıb və aforizmə çevrilib. Əsərdə 1918-ci ildə hərbi mütəxəssislərin Saritsında güllələnməsi ilə əlaqədar Stalinin dilindən belə bir ifadə işlədilir: «Ölüm bütün problemləri həll edir. İnsan yoxdursa, problem də yoxdur».

İosif Stalinin milyonları ölümə göndərdiyini, həbs düşərgələrində çürütdüyünü bilənlər bu sözlərin diktatorun öz dilindən çıxdığına şübhə etmirlər. Amma on il sonra çap olunmuş «Roman-xatirələr» kitabında A.Rıbakov Stalinin «adından danışdığını» faktik olaraq etiraf edir: «Bəlkə, haradasa eşitmişəm, bəlkə də, özüm uydurmuşam. Bu, Stalinin prinsipi idi. Mən sadəcə onu qısa şəkildə ifadə etmişəm».

Əlbəttə, ifadənin sovet liderlərindən kimin adına çıxılması mübahisə doğura bilər, lakin belə yanaşmanın kütləvi qırğınlar törətmiş bir rejimin mahiyyətindən qaynaqlandığını heç kim dana bilməz.

Məsəllər, deyimlər