aleksoaner (alexoaner) sözündən olub, dilimizə tərcümədə mərd kişi, kişi müdafiəçi, cəsur kişi, mərd mühafizəçi mənasındadır.
Aleksoaner adı əslində iki hissədən ibarət- dir. “Alekso” müdafiə, “aner” isə kişi, kişilik, ər mənasındadır. Haqqında dünyada saysız-hesabsız rəvayətlər söylənilən Makedoniyalı Aleksandrın (Makedoniyalı İsgəndərin) adı ilə əlaqədardır. Makedoniyalı İsgəndər, III Böyük İsgəndər, Alexander Magnus (latın dilində) müsəlman Şərqində İsgəndər Zülqərneyn (m.ə. 356-m.ə. 323) kimi tanınmış qədim dünyanın çox görkəmli sərkərdəsi və dövlət xadimi, m.ə. 336-cı ildən Makedoniya hökmdarı, Aristotelin şagirdi olmuşdur. O, həm atlı, həm piyada qoşunu, həm də güclü hərbi donanması ilə bir sıra yürüşlərdə böyük qələbələr əldə etmişdir. Yunanıstanı, Bizansı, Suriyanı, Orta Asiyanı, Əfqanıstanı, Hindistanı və İranı işğal edən sərkərdə müsəlman Şərqində İsgəndər Zülqərneyn, Makedoniyalı İsgəndər, İsgəndəri-Kəbir, İsgəndər Rumi adları ilə tanınır. Şərq folklorunda İsgəndərlə bağlı kifayət qədər rəvayət, əfsanə, nağıl və s. mövcuddur. Hətta dini rəvayətlərdə deyilir ki, 124 min peyğəmbərdən biri olan Süleymanın sehrli üzüyü, Cəmşidin sehrli camı, fateh İsgəndərin isə sehrli güzgüsü varmış. Bütün dünyada baş verən hadisələr guya bunlar vasitəsilə məlum olarmış. Yazılı ədəbiyyatda da İsgəndərin adına rast gəlinir. Şərqdə məşhur sənətkarlardan Firdövsi, Nizami, Əlişir Nəvai, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və başqa şairlər onun qəhrəmanlığına və apardığı müharibələrə həsr etdikləri əsərlər yaratmışlar. Bu əsərlərdə İsgəndər ideal hökmdar kimi təqdim edilmişdir. Əslində Şərqdə fateh İsgəndərə münasibəti heç də birmənalı saymaq olmaz. Doğrudur, İsgəndər Şərqdə həm adil hökmdar, yenilməz sərkərdə kimi xatırlanır. Tarixdən məlum olduğu kimi, miladdan 330 il qabaq İsgəndər Daranı məğlub edib İranı fəth edərkən ölkədəki dağıdıcı siyasətinə, eləcə də zərdüştiliyin müqəddəs kitabı “Avesta”nı yandırdığına görə Şərq ölkələrində həm də İsgəndəri-məlun (lənətə gəlmiş İsgəndər) kimi yad edilmişdir. Nil çayının deltasında saldırdığı İsgəndəriyyə şəhəri onun adını daşıyır. Qeyd etmək lazımdır ki, onun fatehliyi sayəsində yaratdığı dövlət antik dövrün ən qüdrətli dövləti olmuşdur. Qədim yunan və Şərq tarixinin bir çox səhifəsi İsgəndərin adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, İsgəndərin hərbi yürüşləri Qədim Yunanıstan hərb sənətinin yüksək mərhələsi hesab edilir. N.Gəncəvinin “İsgəndərnamə” əsərinin həm ”Şərəfnamə”, həm də “İqbalnamə” hissəsində orta əsrlərdə Yaxın Şərqdə ən ağıllı hökmdar kimi şöhrət tapmış İsgəndərin həyatı təsvir edilmişdir. Yaxın Şərqdə əl-İsgəndər (ərəbcələşdirilmiş formada) kimi işlənir. Ərəblər Aleksandr sözünün ilk iki hərfini (al) artikl olaraq işlətmişlər. Beləliklə, ad ərəb dilində əl-İsgəndır kimi formalaşmışdır. XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə çox geniş yayılmış İsgəndər kişi adı birbaşa ərəb dilindən alınmadır. Dilimizdə çox vaxt Böyük İsgəndər, Makedoniyalı İsgəndər, Fateh İsgəndər kimi işlədilir. Adın daşıyıcıları arasında məşhur şəxsiyyətlər çox olmuşdur. Tanınmış Səfəvi tarixçisi, xəttat, türk soylarının qədim tükman tayfasından olan, məşhur “Tarixi-aləm arayi-Abbasi” əsərinin müəllifi İsgəndər bəy Münşi Şah Abbas sarayında böyük katib (münşi) vəzifəsini tutmuşdur. XIX əsrdə daha bir tarixçi – İsgəndər bəy Məhəmmədkərim bəy oğlu Hacınski (1809-1878), Bakı qəza məktəbini bitirib, ixtasasca tarixçi olsa da, əlahiddə Qafqaz korpusu qərargahında, Qafqaz canişini dəftərxanasında, rus ordusunda tərcüməçi vəzifəsində çalışmışdır. “Qubalı Fətəli xanın həyatı” (1847) əsərinin müəllifi mayor İsgəndər Hacınski Dağıstanda gedən döyüşlərdə və Krım müharibəsində (1853-1856) iştirak etmiş, 1857-ci ildə Rusiya–Qacar danışıqları bitəndən sonra Bakı karantin idarəsinin baş komissarı və liman kapitanı vəzifəsində çalışmış, 1877-ci ildə istefaya çıxmışdır. XX əsrdə İsgəndər adının populyarlaşmasında N.Gəncəvinin “İsgəndərnamə” əsərinin də özünəməxsus rolu olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti