Reklam
Reklam

Məsəllər, deyimlər

İT İLİ

►Lap çoxdan, qədim, yaddan çıxmış, unudulmuş köhnə vaxtı, keçmiş zamanı bildirmək məqsədilə işlədilən ifadə.

İfadə qədim türk xalqlarının illəri hesablama təqvimi ilə bağlı yaranmışdır.

Mәlum olduğu kimi, VII–XV әsrlәrdә türk qәbilәləri vaxtı 12 illik heyvan siklindәn istifadә edərək hesablayırdılar. Vaxtın belә hesablanması indi dә Şәrq vә Orta Asiyanın bir çox xalqlarında qalmaqdadır. Hәr on iki ildәn bir sikl yenidәn başlanır. Bu barədə XI әsrdә yaşamış vә «türkologiyanın bahadırı» hesab olunan Mahmud Kaşğarinin (1029–1101) verdiyi mәlumat maraqlıdır:

«Türklәr on iki heyvan adını on iki ilә vermişlәr. Doğulma, müharibә və başqa tarixlәri bu illәr üzrә һesablayırlar. Bu adətin yaranması belә olmuşdur: türk xaqanlarından biri özündәn әvvәl baş vermiş bir müharibә ilә maraqlanır, lakin onun tarixi haqqında yanlış mәlumat alır. Odur ki xaqan öz qövmü ilә belә məslәhәtlәşir: «Biz bu tarixi yada salanda sәhv etdiyimiz kimi, bizdәn sonrakılar da sәhv edәcәklәr. Odur ki biz on iki ay vә göydәki on iki bürcә әsaslanaraq on iki ilә ad qoyaq, ta ki bizdәn sonra bu illәr belә adlansın vә bizdәn әbәdi yadigar qalsın».

Xaqan ova çıxdı vә adamlarına vəhşi heyvanları İla çayına tərәf qovmağı tapşırdı. Çaya tәrәf qovulan heyvanlar gәlib çaydan keçmәyә başladılar. Әvvəl sudan siçan keçdi. Odur ki sikl siçan ilә başlanır. Sonra başqaları keçdiyi tәrtibdә illәr sıralandı».

«İt ili» ifadәsi ilә eyni mәnada (qәdim, unudulmuş vaxt) işlәnәn «Nuh әyyamı» («Nuh әyyamından qalma») ifadәsi kontaminasiya nәticәsindә birlәşәrək «it әyyamı» tәrkibinin yaranmasına sәbәb olmuşdur.

Məsəllər, deyimlər