Reklam
Reklam

Məsəllər, deyimlər

KARFAGEN MƏHV EDİLMƏLİDİR

►Daim öz dediyini deməyi, söhbət və ya müzakirənin ümumi mövzusundan asılı olmayaraq davamlı şəkildə eyni bir məsələyə qayıtmağı və hər dəfə onu inadla təkrarlamağı istehza ilə bildirən ifadə.

Bu məşhur latın zərbi-məsəli şöhrətli Roma sərkərdəsi Katonun adı ilə bağlıdır.

Qədim yunan bioqrafı Plutarxın «Böyük Katonun həyatı» əsərində qeyd olunur ki, Roma sərkərdəsi və dövlət xadimi Katon ölkə üçün təhlükə mənbəyi saydığı Karfagenin barışmaz düşməni olmuşdur. O, senatda mövzusundan asılı olmayaraq bütün nitqlərini «Bundan əlavə, mən fikirləşirəm ki, Karfagen mütləq məhv edilməlidir» ifadəsi ilə bitirirmiş. Bir çox qədim mənbələrdə bu ifadənin müxtəlif formalarına rast gəlmək mümkündür.

Həmin dövrdə Roma Finikiya şəhər-dövləti Karfagenlə Aralıq dənizində hökmranlıq uğrunda mübarizə aparırdı. 1-ci və 2-ci Pun müharibələrindəki müvəffəqiyyətlərinə baxmayaraq romalılar sonradan bir sıra ağır məğlubiyyətə uğramışdılar və Karfagenin yenə dirçəlməsindən qorxurdular. Çünki bu dirçəliş düşmənin tam qələbəsinə və bütün itkilərin geri qaytarılmasına gətirib çıxara bilərdi. Həm də Karfagen tez bərpa olunur və əvvəlki kimi Roma ticarətinə əhəmiyyətli dərəcədə rəqabət yaradırdı.

Nəhayət, 3-cü Pun müharibəsində Roma həlledici qələbə qazanır; yarımmilyonluq Karfagen şəhəri tamamilə dağıdılır, əhalinin sağ qalan hissəsi kölə kimi satılır. Şəhərin yerləşdiyi əraziyə duz səpilir. Lakin sonralar Roma Afrikasının əsas şəhəri olan və ərəb istilasına qədər imperiyanın iri şəhərlərindən biri olan Karfagendə romalılar yenidən məskunlaşırlar. Qədim Karfagenin yerləşdiyi məkan hazırda Tunisin yaxınlığında yerləşir.

Əsrlər ötsə də, çox şəhərlər dağılıb-qurulsa da, Katonun bu ifadəsi az qala bütün dünyada zərbi-məsəl kimi işlədilir.

Məsəllər, deyimlər