Reklam
Reklam

Məsəllər, deyimlər

KİŞİ SÖZÜ

►Verilən sözün, vədin heç bir yazılı öhdəlik və sənəd olmadan mütləq yerinə yetiriləcəyinə əminlik ifadə edən deyim.

İfadə qədimdən türk xalqları arasında verilən sözə əməl olunmasının bir kişilik və ləyaqət göstəricisi kimi qəbul edilməsi ənənəsindən və həmin keyfiyyətin fransız yazıçısı Aleksandr Dümanın (1802–1870) «Qafqaz səfəri»ndə təqdirindən sonra populyarlaşmışdır.

Verilən vədin, ağızdan çıxan sözün yerinə yetirilməsi Şərqin bir çox xalqlarında, o cümlədən türklər arasında qədimdən dəyər sayılmışdır. XIX əsrdən başlayaraq Avropa müəlliflərinin də bu barədə yazması «kişi sözü» ifadəsinin daha geniş yayılmasına səbəb olmuşdur. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmış görkəmli fransız yazıçısı A.Düma da («Qraf Monte Kristo», «Üç muşketyor», «Dəmir maskalı adam», «Qara zanbaq» kimi əsərlərin müəllifi) 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə kimi Qafqaz ərazisində olmuş, həmin səfərin təəssüratlarını əks etdirən 68 fəsildən ibarət «Qafqaz səfəri» əsərini yazmışdır. Dərbənd, Quba, Bakı, Şamaxı və Nuxada olmuş A.Düma Qafqazda yaşayan xalqların özəlliklərindən bəhs edərkən ermənilərin nə yazılı, nə də şifahi vədə əməl etmələrini, gürcülərin yazılı öhdəliyə sadiq olduqlarını qeyd edir. Müəllif bu məsələdə tatarlara (türklərə) heyranlığını gizlətməyərək göstərir ki, tatarlar ağızlarından çıxan sözün sahibidirlər. Onlar «kişi sözü»nə müqəddəs bir şey kimi baxırlar.

A.Dümanın «Qafqaz səfəri» əsəri 1859-cu ildə Parisdə fransızca, 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliscə çap olunmuşdur. Əsərin fransızca ilk nəşrində A.Dümanı səfər zamanı müşayiət etmiş rəssam Moynenin çəkdiyi çoxsaylı şəkillərin reproduksiyaları da verilmişdir.

Haqqında söhbət gedən ifadə bu gün də ana dilimizdə fəal işlədilir.

Məsəllər, deyimlər