Reklam
Reklam

Məsəllər, deyimlər

KÖHNƏ QVARDİYA

►Hər hansı bir işdə sınanmış, təcrübəli insanların, istənilən sahədə veteranların xüsusiliyini vurğulayan ifadə.

İfadə Napoleon ordusunda veteranlardan ibarət yaradılmış xüsusi döyüş dəstəsinin adından götürülərək yayılmışdır.

1804-cü ildə I Napoleon imperator qvardiyasını yaratdı. Qvardiya xüsusi seçilmiş adamlardan təşkil olundu, onlara yüksək maaş kəsildi və çox yaraşıqlı hərbi paltar verildi. Onları başqalarının öhdəsindən gələ bilmədiyi tapşırıqları yerinə yetirmək üçün qoruyub-saxlayırdılar.

Napoleon özünü məğlubedilməz hesab etməyə başlayana qədər ard-arda çox qələbələr qazanırdı. Lakin o, İspaniyada apardığı müharibəni başa vurmamış Rusiyaya hücuma keçdi və bu onun süqutuna gətirib çıxartdı.

1814-cü ildə taxt-tacdan əl çəkməli olan Napoleonu Fransadan cənubda yerləşən kiçik Elba adasına sürgün etdilər. Ancaq 1815-ci ildə qayıdaraq yenidən Fransa taxtına çıxdı. Bundan sonra bütün Avropa silaha sarıldı və Napoleon Vaterloo ətrafında Vellinqtonun komandanı olduğu müttəfiq ordularla döyüşdə öz «köhnə qvardiya»sını döyüşə atmalı oldu, lakin qvardiyanın səyləri də döyüşü qələbə ilə başa vurmağa kifayət etmədi. Napoleon ordusu məğlub oldu. Geri çəkilərkən mühasirəyə düşən «köhnə qvardiya»ya ingilis polkovniki təslim olmağı təklif etdi. General de Kambron bu təklifə nalayiq sözlə cavab verdi. Ancaq sonralar onun cavab olaraq «Köhnə qvardiya ölür, amma təslim olmur» dediyi bildirildi.

O vaxtdan öz baxışlarını, bu baxışlar zamanla ayaqlaşmasa belə, hətta məğlub olacaqlarını bilərək müdafiə edən və heç bir güzəştə getməyən insanlara «köhnə qvardiya» deyilir.

Məsəllər, deyimlər