kor və oğlu (III şəxs məns. ş. oğul) sözlərinin birləşməsindən yaranmış şəxs adıdır.
Məlum olduğu kimi, Koroğlu kişi adı xalqımızın çox sevdiyi “Koroğlu” dastanının əsas surətinin təxəllüsündəndir. Alı kişinin oğlu Rövşən atasının gözləri çıxarıldıqdan sonra intiqam hissi ilə mübarizəyə başlarkən özünə təxəllüs olaraq götürdüyü Koroğlu adı kor kişinin oğlu mənasındadır. Koroğlu şəxs adı Azərbaycan xalqının həm bədii dilində, həm də ümumxalq dilində qəhrəmanlıq, mərdlik, qoçaqlıq rəmzidir. Xalq öz sevimli qəhrəmanının adını artıq neçə əsrdir yaşadır. XX əsrdə adın daşıyıcılarından Koroğlu Rəhimov (1953-1992) I Qarabağ müharibəsində, işğalçı düşmənə qarşı Ağdərə uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş vətənin qəhrəman oğulları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti