lat. medium – ara, vasitəçi + lat. realis – həqiqi
1. Medianın təqdim etdiyi reallıq.
İnsan bir çox faktlar, hadisələr, obyektlər, proseslər, hətta bütöv aləmlər barədə məlumatı media vasitəsilə alır. Medianın verdiyi xəbər, yaratdığı təsvir əsl reallıqla üst-üstə düşə, yaxud ondan fərqlənə bilər. Lakin insan obyektiv mövcud olan faktlara, hadisələrə və s.-yə öz münasibətini, bir qayda olaraq, medianın formalaşdırdığı reallıq əsasında müəyyənləşdirir, hərəkətlərini, düşüncələrini ona uyğunlaşdırır. Beləliklə, M. əsl reallıqdan önə çıxır. Bu, qaçılmaz proses olduğu kimi, bəzən təhlükəli nəticələrə də gətirib çıxarır, manipulyasiyalara şərait yaradır. M. çox dərin fəlsəfi araşdırmalar mövzusu olduğu üçün onun öyrənilməsi ilə media fəlsəfəsi elmi məşğul olur.
2. Medianın, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar yaranan və dəyişən reallıq.
Məsələn, televiziyanın, kompüterin, mobil telefonların ixtira edilməsi insanların reallığı qavramasında böyük dəyişikliklərə, faktik olaraq media vasitəsilə dərk edilən yeni reallığın yaranmasına səbəb olub.
Jurnalistika terminləri lüğəti