Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MƏDİNƏ

ərəb. madina sözü dilimizə tərcümədə şəhər deməkdir. Lakin Mədinə qadın adı İslam dinində Məkkədən sonra ikinci müqəddəs şəhər hesab edilən, Məhəmməd Peyğəmbərin yeni dini bərqərar edərkən özünə tərəfdarlar tapdığı, gələcək dinin əsasını qoyduğu şəhərin adındandır.

Düşmənlərindən uzaqlaşan Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə hicrət edir ki, bu da İslam tarixinin – hicri tarixinin başlanğıcıdır. Məhəmməd bu şəhərə hicrət edənə qədər şəhər Yəsrib adlansa da, sonradan məhz onun şərəfinə Mədin ən-nəbi (Peyğəmbərin şəhəri), daha sonradan isə Mədinə adlandırılmışdır. Məhəmməd Peyğəmbər bütün qalan ömrünü Mədinədə yaşamışdır. Mədinədə ilk məscidi (Məscid ən-nəbi) tikdirmiş Məhəmməd Peyğəmbər “Quran”ın xeyli hissəsini də bəyan etmişdir. Müsəlman dövlətinin ilk paytaxtı Mədinə olmuşdur. Məhəmməd Peyğəmbər Mədinədə özünün tikdirdiyi məsciddə dəfn edilmişdir. Onun evi də həmin məscidə bitişik olmuşdur. Zəvvarlar rəsmən həcc mərasiminə daxil olmasalar da, daim peyğəmbərin məzarını ziyarətə gəlirlər. Mədinə məcazi mənada müqəddəs yer, səcdəgah anlamındadır. Klassik ədəbiyyatda gözələ xitabən Mədinəm ifadəsinə tez-tez rast gəlinir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti