yun. orthos – düzgün + yun. epos – nitq + lat. norma – qayda
Sözün yeganə düzgün hesab edilən, yaxud üstünlük verilən tələffüz qaydaları.
Radio və televiziyanın dili canlı danışıq dilinə yaxın olmalıdır: bu onların əhali arasında populyarlığına və verilişlərinin daha yaxşı anlaşılmasına ciddi təsir göstərir. Lakin bir çox hallarda danışıq dilinə yaxınlaşmaq səyləri jurnalistlərin və aparıcıların O.N.-ndan uzaqlaşması ilə müşayiət edilir. Nəticədə xalqın milli-mədəni sərvəti olan dil korlanır, sözləri düzgün tələffüz etməyi bacarmayan jurnalistlərə və onların çalışdıqları KİV-ə auditoriyanın qalan məsələlərdə də etimadı azalır. Professional standartları qoruyan radio və televiziya şirkətləri öz əməkdaşlarının O.N.-nı bilməsinə, onların nitq mədəniyyəti və texnikasının yüksəldilməsinə xüsusi diqqət yetirir. Məhz buna görə, məsələn, İngiltərədə «BBC tələffüzü» deyilən anlayış mövcuddur və BBC-nin qoruduğu, yaratdığı O.N. ölkədə milli tələffüz standartlarına bərabər tutulur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti