►Qeyri-qanuni yolla qazanılmış pullara qanuni don geyindirmək üsul və tərzini əks etdirən ifadə.
İfadə ABŞ-da mafiya başçısı olmuş Al Kaponenin (1889–1947) maliyyə fırıldaqlarından qaynaqlanmışdır.
İtaliya mənşəli Al Kapone 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərmiş məşhur mafiya başçısı olmuş, yeddi il «Çikaqo Outfit» klanına rəhbərlik etmişdir. ABŞ-da iqtisadiyyatın çətin günlər yaşadığı 1930-cu illərdə güc toplamağa başlamış, ən əsası isə içkilərə qoyulan qadağalardan məharətlə istifadə edərək qanunsuz yolla xeyli pul qazana bilmişdir.
Həmin pulları xüsusi xidmət orqanlarının diqqətini cəlb etmədən xərcləmək çətin olduğuna görə Al Kapone çox ucuz qiymətə işləyən camaşırxana şəbəkəsi yaratdı. Burada müştərilərin əsl sayını izləmək çətin olduğu üçün əldə edilən gəliri istənilən məbləğdə göstərmək olardı. «Pulların yuyulması» ifadəsi buradan yaranıb.
Müasir dövrdə də, əsasən, korrupsiyanın çiçəkləndiyi, ictimai nəzarətin zəif olduğu avtoritar ölkələrdə «pulların yuyulması» metodundan geniş istifadə edilir.
Məsəllər, deyimlər