Reklam
Reklam

Məsəllər, deyimlər

QƏRİBİ BURDA AĞLAMAQ TUTDU

►Vәziyyәtin çox ağır, çıxılmaz olduğunu bildirmәk üçün yumorla işlədilən ifadə.

İfadә mәşhur «Aşıq Qәrib» dastanından qaynaqlanaraq yayılmışdır.

Dastanın qәhrәmanı Qәrib uzaq diyardan, qürbәtdәn vәtәnә, sevgilisi Şahsәnәmin toyuna gәlib çatmağa tәlәsir. Hәlәbdәn çıxıb Tiflisә üz qoyur. Xeyli gedәndәn sonra atı partlayıb ölür.

Taleyin ağır sınaqlara çəkdiyi, ağır əzablarla üzləşdirdiyi Qәrib bu uzun, çәtin yolu piyada getmәli olur. Ayaqları qabar-qabar olur. Vaxtında toya çatmaqdan, Şahsәnәmdәn әlini üzür. Sazı sinәsinә basıb öz halına şeirlәr deyir vә əlacsız-əlacsız göz yaşı töküb ağlayır.

İndi də gözlənilmədən çıxılmaz vəziyyətə düşən adamlar əlacsızlıq ifadə edən bu birləşməni dilə gətirirlər. Dilimizdə bәzәn «Qәrib» adı әvәzinә «Kәrәm», yaxud «yetim» sözü işlәdilir.

Məsəllər, deyimlər