►«İndi başlanmış kiçik bir iş gələcəkdə böyük nəticələrə səbəb olar» mənasında işlədilən ifadə.
İfadə Rusiyada bolşevizmin və sovet dövlətinin banisi olmuş V.İ.Leninin ötən əsrin əvvəlində nəşr etdiyi «İskra» qəzetinin devizi kimi yayılmışdı.
Çar mütləqiyyətinə qarşı mübarizə aparan Vladimir İliç Ulyanov (Lenin) etiraz hərəkatını ümumrusiya siyasi qəzetindən başlamağı vacib hesab edirdi. 1900-cü ilin dekabrında «İskra» («Qığılcım») qəzetinin ilk nömrəsi çapdan çıxdı. Qəzetin adının altında onun devizi yazılmışdı: «Qığılcımdan alov doğar». Həmin vaxtdan bu ifadənin müəllifi V.İ.Lenin sayılır.
Əslində isə tarixi faktlar sübut edir ki, aforizmin müəllifi dekabrist-şair Aleksandr Odoyevskidir. 1826-cı ildə çar sürgündə olan dekabrist Nikita Muravyovun arvadına ərinin arxasınca Sibirə getməyə icazə vermişdi. Böyük rus şairi A.S.Puşkin inqilabçılara həsr etdiyi yeni şeirini Anna Muravyova ilə dostlarına göndərmişdi.
Puşkinin sözlərindən ilhama gələn dekabrist-şair Odoyevski ona cavab olaraq «Gələcəkdən xəbər verən odlu simlərin səsi» şeirini yazmışdı. Həmin şeirdə aşağıdakı misralar da var idi:
Hədər getməz əməyimiz,
Qığılcımdan alov doğar.
Ağır sürgün həyatı keçirən, amma gələcəyə inamını itirməyən dekabristlər Odoyevskinin şeirini çox sevirdilər, «Qığılcımdan alov doğar» sətri isə onların inqilabi şüarına çevrilmişdi. Buna görə də Lenin həmin aforizmi inqilabçı «İskra» qəzetinin devizi kimi seçmişdi.
Məsəllər, deyimlər