Reklam
Reklam

Məsəllər, deyimlər

QILINC HƏMİN QILINCDIR, QOL O QOL DEYİL

►Birisi hər hansı alətlə və ya cihazla işləyə bilmədikdə, işin öhdəsindən gəlmədikdə və günahı alətdə (cihazda) gördükdə istehza ilə işlədilən ifadə.

İfadə böyük Azərbaycan şairi, hökmdarı və sərkərdəsi Şah İsmayıl Xətaiyə aid olan rəvayətdən qaynaqlanır.

Osmanlı qoşunları 1514-cü ildə Azərbaycana hücum etdilər. Cənubi Azərbaycanın Maku şəhəri yaxınlığındakı Çaldıran adlı yerdə qoşunlar üz-üzə gəldilər. Üç gün çəkən bu döyüşdə Şah İsmayıl Sultan Səlimin sayca çox olan və toplardan istifadə edən qoşununa məğlub oldu.

Rəvayətlərdən birində deyilir ki, şah Çaldıran döyüşündə qılıncı ilə topların zəncirini doğrayarkən bir topun lüləsini də kəsir. Bunu eşidən Sultan Səlim döyüşdən sonra sifariş edir ki, İsmayıl həmin qılıncı ona göndərsin. Şah İsmayıl qılıncını sultana göndərir. Sultan saray əyanlarını yığır və onların gözü qarşısında qılıncla topa zərbə vurur. Heç nə hasil olmur. Şah İsmayıla məktub yazırlar ki, yəqin, o, Çaldıranda məğlub olduğuna görə həmin qılıncı göndərməyib, çünki bu qılınc dəmiri kəsmədi. Az sonra Sultan Səlim Şah İsmayıldan cavab alır: «Qılınc həmin qılıncdır, qol o qol deyil».

Məsəllər, deyimlər