Reklam
Reklam

Məsəllər, deyimlər

QORDİ DÜYÜNÜ

►Həddindən artıq çətin, qarışıq, xeyli dolaşıq, çox mürəkkəb olan bir şey, həlli müşkül görünən bir məsələ haqqında işlədilən ifadə.

İfadə qədim yunan rəvayətlərində haqqında arabaçı və çar kimi bəhs olunan Qordinin adından qaynaqlanır.

Həmin rəvayətə görə, e.ə. IX əsrdə Frigiya çarlığında (Kiçik Asiya) baş verən daxili qarışıqlıq zamanı «növbəti çar kim olacaq» sualına kahin belə cavab verir: «Zevsin məbədinə araba ilə birinci kim gəlsə, onu da çar seçəcəyik».

Elə bu vaxt Qordi adlı bir kəndli öz arabası ilə oralara gəlib çıxır və dərhal da çar elan edilir. Qordi öz arabasını Zevsə hədiyyə edir, özü də arabasının qoşqusunu dirəyə olduqca mürəkkəb düyünlə bağlayaraq uclarını elə məharətlə gizlədir ki, açmaq mümkün olmasın. Kahin bu düyünü açanın bütün Şərqin hökmdarı olacağını elan edir. Ancaq bir neçə əsr ərzində bu düyünü açmaq üçün göstərilən cəhdlər bir nəticə vermir.

E.ə. 334-cü ildə Makedoniyalı İsgəndər yunanların nəzərində «bütün Şərqi» təcəssüm etdirən Əhəmənilər imperiyasını fəth etmək üçün Kiçik Asiyaya daxil olur, bir ildən sonra qədim Frigiyanın paytaxtı Qordiuma yaxınlaşır (hərçənd bu dövlət artıq mövcud deyildi). Qordi düyünü hələ də burada, Zevsin məbədində idi.

Şəhəri gəzib hər şeylə maraqlanan İsgəndər Qordi düyününü görəndə onun nə olduğunu soruşur. Ona bu düyünü açanın bütün Şərqi fəth edəcəyini deyirlər. İsgəndər qılıncını qınından çıxararaq bircə zərbə ilə düyünü kəsir.

«Bu məsələni mən belə həll edəcəm», – deyərək Şərqin fəthini davam etdirir. Bundan sonra «Qordi düyününü kəsmək» kəlməsi ilk baxışdan həlli mümkün olmayan məsələnin güc yolu ilə çözülməsini ifadə etməyə başladı.

Məsəllər, deyimlər