Reklam
Reklam

Məsəllər, deyimlər

RƏHMƏT DÜZƏNƏ, LƏNƏT POZANA

►Yaxşılıq edən insanın hər zaman rəğbətlə, pislik edən insanın isə lənətlə xatırlandığını bildirən ifadə.

İfadə xalq arasında yayılmış ibrətamiz bir rəvayətdən qaynaqlanır.

Rəvayətə görə, Yer üzündə suyun sel olub insanlara fəlakət gətirdiyi, odun isə meşələri, elləri yaxıb qovurduğu bir zamanlarda məskənlərindən, yurd-yuvalarından didərgin düşən insanlar əl açıb Allaha dua edirlər. Ondan imdad diləyirlər. Hər zaman məzlumun imdadına yetən Tanrının hökmü ilə insanların harayına çatmaq üçün Yer üzünə vicdan nazil olur. Vicdan təbiət qüvvələrinə onların öz güclərini xeyir yolunda necə sərf edəcəklərini başa salır. Yollarını azmış od və suya haqq yolunu göstərir. Onlara yaradılışlarının əsl məqsədini, dünyaya gələnin yaratmalı olduğunu xatırladır.

O gündən od, su və vicdan yoldaş olurlar. Əl-ələ verib dünyanı dolaşırlar. Səhralara su verirlər, şaxtalı-boranlı diyarlara istilik gətirirlər. Bütün dünyanı sevinclə doldururlar. İnsanlar məskənlərinə qayıdırlar. Odun ətrafında toplaşırlar. Müdrik qocaların səsi eşidilir:

– Rəhmət düzənə, lənət pozana.

Məsəllər, deyimlər