►Yaxın adamın dönüklüyünü, xəyanətini, arxadan zərbə vurmasının daha ağır olduğunu təəssüflə bildirmək üçün işlədilən ifadə.
İfadə görkəmli yazıçı İsmayıl Şıxlının qələmə aldığı bir rəvayətlə bağlıdır.
Bir gün meşəyə qeyri-adi səs yayıldı. Hiss olundu ki, yaxınlıqda ağac qırırlar, amma gələn taqqıltı ağacların bu zamana qədər eşitdiklərinə bənzəməyən bir səs idi. Bu səs getdikcə meşə sakinlərini təşvişə salırdı. Bir qədər sonra taqqıltını iniltili bir xarıltı əvəz etməyə başladı. Bu səsi eşidəndə ağacların sultanı, qoca Palıdın qaşları çatıldı, bir anlığa ona elə gəldi ki, ayağının altından yer qaçdı və beynində dolaşan müdhiş fikirdən vahimələndi.
Meşəni lərzəyə salan bu səsin nə olduğunu və haradan gəldiyini öyrənmək üçün qoca Palıd səs gələn tərəfə çaparlar yolladı. Bir az keçdi və çaparlar bəd xəbərlərlə geri döndülər. Dedilər ki, insanlar yaxınlıqdakı meşəni qırır və bu işi əl boyda bir dəmir parçası ilə görürlər. Sonra da izah etdilər ki, sapı olmasa, həmin dəmir heç nə edə bilməz. Bunu eşitcək qoca Palıdın gözlərinə qaranlıq çökdü, səsi titrədi, amma birtəhər özünü ələ alıb:
– Bəs baltanın sapı nədəndir? – deyə təlaşla xəbər aldı.
Çaparlar baltanın sapının ağacdan olduğunu deyəndə qoca Palıd çox qüssələndi, iri şaxəli budaqlarını astadan tərpədərək dərindən bir «ah» çəkdi və dərdli-dərdli:
– Elədirsə, hamımızı qırıb məhv edəcəklər, – dedi.
Niyəsini soranda isə qoca Palıd dərin bir kədərlə:
– Ona görə ki baltanın sapı özümüzdəndir, – deyə cavab verdi.
Məsəllər, deyimlər