►Acınacaqlı və asılı vəziyyətdə olduğuna, ixtiyarı əlindən getdiyinə baxmayaraq özünü sındırmayıb lovğalanan adamlar haqqında işlədilən ifadə.
İfadə xalq arasında yayılmış bir əhvalatla bağlıdır.
Bir nəfərin evinə qonaq gəlir. Arvad mətbəxdə xörək hazırlamaqla məşğul olur, kişi isə qonaqla söhbət edib onu əyləndirir. Xörəyin gec hazırlanmasından narahat olan kişi mətbəxə keçib arvadı ilə savaşır, arvad əlindəki kəfkirlə vurub kişinin başını yarır. Sonra evdə qonaq olduğunu nəzərə alaraq ərinin başından axan qanı yuyur, yarasını sarıyıb onu qonağın yanına göndərir.
Bayaqdan bəri bütün hay-küyü eşitmiş, indi isə kişinin pərt halda bir küncə qısılıb səssiz oturduğunu görən qonaq ona ürək-dirək vermək məqsədilə deyir:
– Rəhmətliyin oğlu, heç ürəyini sıxma. Burada utanmalı bir iş yoxdur. Sənin arvadın hələ toya getməlidir. Bizim yerdə arvadlar hər kiçik işdən ötrü ərinin saqqalından tutub sürüyürlər.
Ev yiyəsi bu sözləri eşidib mənalı-mənalı gülümsünür və deyir:
– Yox, canım, sənin ağlın öz arvadlarınıza getməsin. Mən hələ saqqalı ələ verməmişəm.
Məsəllər, deyimlər