►Müxtəlif üsullarla təsir edərək fikrini dəyişmək, nəyə isə razı salmaq, mövqeyini, qərarını dəyişmək.
İfadə xalq arasında mövcud olan bir rəvayətlə bağlıdır.
Rəvayətə görə, oğurluğu ilə məşhur olan birisinin məclisdə bir varlı çobanla mübahisəsi düşür. Çoban lovğalanır ki, heç kim onun sürüsündən oğurluq edə bilməz. Məşhur oğru həmin çobanın zəif cəhətlərini, hərəkət xəttini, yatıb-durma vaxtlarını diqqətlə izləyir, yuxunun ona nə vaxt güc gəldiyini yerli-yataqlı öyrənir. Sonra da dostlarına əminliklə «nəinki onun qoyunlarını, hətta ağzında çeynədiyi saqqızı belə oğurlaya bilərəm» deyərək öyünür. Bununla bağlı dostlar arasında mərc də bağlanır.
Bu söhbətdən sonra oğru çobanı gecə-gündüz güdməyə başlayır, onun sürüsünü gözündən kənar qoymur. Yuxusunu gündüzlər alıb gecələr hərəkət etməyə çalışır.
Payızdan qışa keçən uzun gecələrin birində gecəyarısına yaxın çobanı yuxu tutur. Lakin o, yuxunu qovmaq üçün ot kökündən olan saqqızı çeynəməyə başlayır, amma bu da yuxunun qarşısını ala bilmir. Lap bir addımlıqda «qurbanının» yuxu ilə necə mübarizə apardığını görən oğrunun çiçəyi çırtlayır. O gizləndiyi kolun arxasından çıxıb kürəyini daşa söykəyib mürgü döyən «dostuna» yaxınlaşır. Əlindəki nazik otu onun ağzına salır. Şirin yuxuda olan çoban sonuncu dəfə saqqızı heysiz şəkildə çeynəyir və bununla otun və saqqızın bir-birinə yapışmasına kömək edir. Mahir oğru ota yapışmış saqqızı ehtiyatla onun ağzından çıxarır. Bundan sonra sürünü çəkib aparmaq rahat olur.
Azərbaycan xalq nağıllarının bəzilərində də qəhrəmanın mürgüləməkdə olan divin tez yuxuya getməsi üçün saqqızı məharətlə onun ağzından çıxarması barədə epizodlar vardır.
Artıq yüz illərdir ki, deyim «oğurluq» məzmunundan xeyli uzaqlaşıb. Müasir dilimizdə «saqqızını oğurlamaq» frazeoloji birləşməsi hər hansı məsələdə inadkarlıq göstərən kimisə incə üsullarla yola gətirməyi, onu razı salmağı, bir növ, başını aldadaraq mövqeyinə təsir etməyi, yoldan çıxartmağı ifadə edir.
Məsəllər, deyimlər