►Kiməsə hansısa qayda və ya qadağanı xatırlatmaq məqsədilə bəzən yumorla işlədilən ifadə.
Əslində, «şəhərdə iki-iki, üç-üç gəzmək qadağandır» şəklində işlənmiş ifadə «Uzaq sahillərdə» filmindəki (1958) epizodların birində səslənmişdir.
Mixaylo ləqəbi ilə tanınan Mehdi Hüseynzadəni və digər cəsur partizanları tutmaq üçün şəhərdə gücləndirilmiş hərbi rejim tətbiq olunur. Bütün yoxlamalara baxmayaraq Mixaylo və yaxın silahdaşı Visilin yenidən tapşırıq dalınca Triyest şəhərinə gəlirlər. Fövqəladə vəziyyətə nəzarət edən patrullar gözlənilmədən onları yaxalayır. Mixaylo tələb olunan sənədi təqdim edir. Mayor Şultsun xüsusi icazəli sənədi zabitlər arasında çaşqınlıq yaradır:
– Mayor Şults sizə belə bir sənəd vermiş, bəs nə üçün bildirməmişdir ki, elə onun əmri ilə dünəndən şəhərdə iki-iki, üç-üç gəzmək qadağandır!
Alman dilində səlis nitqi ilə onlara cavab verən Mixaylo:
– On gündür ki, şəhərdə yox idim. Bu nə sorğu-sualdır? Mən buraya xüsusi əmrlə gəlmişəm, – deyə hərbi vəziyyət alaraq mürəkkəb situasiyadan çıxış yolu tapır.
İfadə bəzən şəhərdə qoşa gəzən gənclər arasında da zarafatla işlədilir.
Məsəllər, deyimlər