►Real hәyatdan, xalqdan, onun dərdlərindən çox uzaq düşmüş xәyalpәrәst, şeirbaz, qafiyәpərdaz və boşboğaz adamlar haqqında işlədilən ifadə.
İfadə Cəlil Mәmmәdquluzadәnin (1866–1932) eyniadlı hekayəsindən (1925) qaynaqlanaraq yayılmışdır.
Böyük ədibin tənqid hədəfi şeirin mәnasını başa düşməyәn, heç bir ədəbi zövqü olmayan, ancaq şeirin əcnәbi dildә yazılmasından xoşlanan düşkünlәrdir.
Hekayədə nəql olunur ki, ədibin sxolastik Şәrq şeiri düşkünü olan dostu onu evinә qonaq çağırır. Әdib görür ki, dostu kitab şkafının yuxarısına «Әnadili-şeir» («Şeir bülbüllәri») yazıb yapışdırıb. Bu, yazıçıda gülüş və istehza yaradır.
İndi də həqiqi poeziyaya dəxli olmayan, özünü şeir həvəskarı kimi göstərən, real həyatda insanların problemlərinə biganə qalan boşboğaz adamları bu ifadə ilə səciyyələndirirlər.
Məsəllər, deyimlər