Reklam
Reklam

Məsəllər, deyimlər

SƏN ÇALDIN

►«Sənin işin düzəldi», «sən qazandın» mənalarında işlədilən ifadə.

Xeyli populyar olan bu ifadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanır.

Bir gün Molla Nəsrəddin şəhərə gedəndə qonşuların hərəsi ondan bir şey almağı xahiş edir, amma heç kim pul vermir. Molla da özlüyündə heç kimin qəlbini qırmaq istəməyib elə hamıya «baş üstə, alaram, taparam, gətirərəm» deyir.

Bu vaxt bir uşaq Molla Nəsrəddinə yaxınlaşıb utana-utana pul verir və xahiş edir ki, şəhərdən ona tütək alıb gətirsin.

Molla Nəsrəddin pulu alıb deyir:

– Hə, bala, bax sən çaldın.

Əslində, lətifədəki «çaldın» sözünün «əldə etmək» mənası dilimizdə əvvəllər də olmuşdur. Sadəcə bu epizodda ifadənin bu dərəcədə populyarlaşmasının əsas səbəbi söz oyununun (kalamburun) uğurundadır. Yəni Mollanın «sən çaldın» cavabı həmin situasiyada məhz uğurlu söz oyununa görə geniş yayılmışdır.

Məsəllər, deyimlər