Reklam
Reklam

Məsəllər, deyimlər

SÖZ Kİ AĞIZDAN ÇIXDI, ARTIQ SƏNİN DEYİL

«Deyilən sözü geri qaytarmaq mümkün deyil» mənasında işlədilən ifadə.

İfadə Ərəb xilafəti dövründə yaşamış məşhur şair Əbu Nüvasın adı ilə bağlı yaranaraq geniş yayılmışdır.

Əbu Nüvas zəmanəsinin cəsarətli söz adamlarından biri idi və xəlifə Harun ər-Rəşidin hakimiyyəti (786–809) dövründə yazdığı həcvlərlə tanınırdı. Yaltaqlığı heç sevməyən Ə.Nüvas günlərin birində şair və saray katibi Abban əl-Laxikinin hakimiyyətə yaxın olan Barmahidlər nəslinin şəninə yaltaqcasına bir mədhiyyə yazdığından xəbər tutur. Əbu Nüvas bundan hirslənir və həmin şeirə həcvlə cavab verir. Sonra həmin həcvi Laxikinin də olduğu kiçik bir məclisdə oxuyur.

Həcv dinləyənlər arasında böyük gülüşə səbəb olur. Abban ona cavab verə bilmədiyindən pərt olur və utandığından nə edəcəyini bilmir. Ona görə Əbu Nüvasa yalvarır ki, həcvi heç kimə verməsin və yaymasın. Dinləyənlərdən də rica edir ki, bu həcv haqda danışıb onu dilə-ağıza salmasınlar. Ancaq Əbu Nüvas deyir ki, söz ki ağızdan çıxdı, artıq sənin deyil. İndi susmaqdan ötrü mənə hətta bütün dünyanı mükafat versələr, xeyri yoxdur, bu şeiri bacardıqca çox yayacam!

Hazırda dilimizdə bu deyimlə yanaşı, eyni mənada «ox yaydan çıxıb», «deyilən sözü geri qaytara bilməzsən», «ağızdan çıxan söz sənin deyil» və bu kimi ifadələr də geniş işlənir.

Məsəllər, deyimlər