►Nadürüstlük etmək, bir işə haram qatmaq, tamahkarlıq ucbatından halalı haram etmək.
İfadə el arasında yayılmış məşhur bir rəvayətdən qaynaqlanır.
Bir varlı adamın böyük qoyun sürüsü və əməlisaleh bir çobanı varmış. Çoban nə qədər süd sağırmışsa, artığına-əskiyinə baxmadan hamısını ağasının yanına aparırmış. Ağası isə südə su qatıb satması üçün çobana qaytarırmış. Çoban hər dəfə ağasını müsəlmanlara xəyanət etməməyə çağırır, bu işin axırının yaxşı olmayacağını xatırladırmış. Lakin ağası onun sözlərinə məhəl qoymadan mala haram qatmağa davam edirmiş.
Bir dəfə çoban təsadüfən qoyunları suyu qurumuş bir dərədə yatırıb özü bir təpənin başına dırmaşaraq orada yuxulayır. Bahar fəsli idi, birdən dağlarda güclü yağış başlayır, sel axıb dərəni doldurur və bütün qoyunlar suda boğulub ölür. Çoban şəhərə, ağasının yanına südsüz gedir. Ağası niyə əliboş gəldiyini soruşduqda çoban belə cavab verir:
– Ay ağa, sənə dedim axı, südə su qatma, xəyanət olar, sözümə baxmadın. İndi xalqa süd əvəzinə satdığın o sular bir yerə toplanıb sənin bütün qoyunlarını apardı.
Məsəllər, deyimlər