►Uğurlu, təqdirəlayiq, bəyənilmiş bir işin eyni şəkildə davamlı olmasını arzulayarkən işlədilən ifadə.
İfadə məşhur «Əhməd haradadır?» filmindən (1963) qaynaqlanır.
Filmin baş qəhrəmanının yaşadığı yataqxana komendantının əvvəllər gəmidə bosman olduğu bilinir. Bu şəxsin nitqində də dənizçiyə xas olan ifadələr var: «Tam sürətlə geriyə», «Göyərtəni yuyarsınız» və s.
Filmdə komendant komissiya ilə birgə yataqxananın otaqlarını yoxlamağa gəlir. Əhmədgilin otağında isə mehmanxanada yer olmadığından Leyla gecələmiş olur. Səhər oyanan Leyla otağın bərbad, səliqəsiz olduğunu görüb orada əsl qadın təmizliyi yaradır və qapının döyüldüyünü eşidib şkafda gizlənir. Əlləri ərzaq torbaları ilə dolu olan oğlanlar otaqları yerləşən mərtəbəyə qalxarkən təmizliyi yoxlayan komissiyanın gəldiyini görüb aradan çıxmaq istəsələr də, alınmır. Ehtiyat açarı ilə qapı açılır və... gözəl, səliqəli mənzərə yoxlama qrupunu valeh edir. Otağı belə səliqəli görən yoxlama onlara yaxşı qiymət qoyub oranı tərk edərkən komendant – keçmiş gəmi bosmanı üzünü gənclərə tutub məsləhət verir:
– Sükanı belə saxla! Ardımca!
Məhz bu filmdən sonra həmin ifadə dilimizdə zərbi-məsələ çevrilib.
Məsəllər, deyimlər