yunan. cəsur, müdafiəçi mənalarını ifadə edən Aleksandr/ Aleksandra adının əzizləmə və oxşama məzmunlu kiçiltmə formasıdır.
Adətən Şura qadın adı ərəb dilindəki hər hansı məsələni müzakirə etmək üçün, məsləhətləşmək üçün bir yerə yığışma, müşavirə, məclis, yaxud təşkilat, idarə, cəmiyyət yanında sərəncamverici və ya məşvərətçi orqan mənalarını ifadə edən şura sözü ilə əlaqələndirilir. Məlum olduğu kimi, Azərbaycanda olduğu kimi, bir sıra Şərq ölkələrində 1920-ci ildə qurulmuş Sovet hökumətinə Şura hökuməti də deyilmişdir. Azərbaycanda Şura qadın adının tarixinin, əsasən, adın bu sözlə əlaqədar olduğunu söyləmək olar. Lakin nəzərə almaq lazımdır ki, Şura Azərbaycan antroponimikasına XX əsrin iyirminci illərindən daxil olmuş şəxs adları sırasındadır. Bu dövrdən etibarən məişətimizə rus dilindən kifayət qədər şəxs adı daxil olmuşdur. Şura adının rus antroponimikasında mövcud yunan mənşəli Aleksandr/Aleksandra adı ilə əlaqələndirilməsi, fikrimizcə, daha inandırıcı görünür. Çünki keçən əsrin iyirminci illərinə qədər Azərbaycanda, ümumiyyətlə, Şura adına rast gəlinmir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti