ing. tabloid – kiçikölçülü, sıxılmış
Sensasiya xarakterli materialların, kriminal xəbərlərin və əyləncəli mövzuların üstünlük təşkil etdiyi jurnalist fəaliyyəti sahəsi.
T.J.-na həm də yığcamlıq, mətnin sadəliyi xarakterikdir. Bu tip jurnalistikanın formalaşması məhz tabloid qəzetlərlə bağlı olduğu üçün o belə adlanır. T.J.-nın yaradıcısı The Evening News (1894), Daily Mail (1896), The Daily Mirror (1903) və digər məşhur nəşrlərin əsasını qoymuş ingilis qəzet maqnatı Alfred Hamsvort hesab olunur. 1901-ci il yanvar ayının 1-də amerikalı naşir Cozef Pulitser The New-York World qəzetinin bir sayını buraxmağı Hamsvorta həvalə etmişdi. Hamsvort qəzetin ölçüsünü kiçiltmiş və bütün materialları maksimum 200 sözədək qısaltmışdı. Təqdimatda o yazırdı: «The World bu gün XX əsrə – vaxta qənaət əsrinə daxil olur. Əmin edirəm ki, mənim sıxlaşdırma sistemim, yaxud T.J. vasitəsilə hər il yüzlərlə iş saatına qənaət ediləcək».
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti