Ticarətlə məşğul olan şəxs.
İbtidai icma münasibətlərinin dağıldığı dövrdə istehsalçı ilə istehlakçı arasında vasitəçilik edən T.-lər tez bir zamanda cəmiyyətin sosial strukturunun mühüm elementinə çevriliblər. Antik dövrdən tutmuş kapitalizmin erkən mərhələsinə kimi T.-lərin fəaliyyəti cəmiyyətin iqtisadi və sosial həyatında xüsusi rol oynayıb. Yalnız kapitalizmin yüksək inkişaf mərhələsində onlar bu rolu itirərək öz mövqelərini pərakəndə ticarətdə qismən saxlaya biliblər. Azərbaycanda T.-lərin sosial qrup kimi formalaşması prosesi e.ə. II–I minilliklərdə sənətkarlığın əkinçilikdən ayrılması və şəhərlərin meydana gəlməsi ilə başlayıb. Mühüm tranzit-karvan yollarının üzərində yerləşən Azərbaycan şəhərləri beynəlxalq ticarət mərkəzləri ilə sıx əlaqə saxlayıb.
Tarix terminləri lüğəti