►Kiməsə bənzədib bir müddət xatırlaya bilmədiyin birinin qəfil yada düşməsi ilə əlaqədar işlədilən ifadə.
İfadə 1958-ci ildə çəkilmiş «Uzaq sahillərdə» filmindən qaynaqlanır.
Mixaylonun partizan silahdaşı Anjelika tapşırıqla əlaqədar sinyor Rosselininin evinə gedir və italiyalı milyonçu Fraskininin xanımı adı altında özünü təqdim edir. Əvvəlcə Rosselini qoca Fraskininin xanımının bir ay öncə vəfat etdiyini öz qulluqçusuna xatırlatsa da, daha sonra milyonçunun arvadına yas saxlamadan yenidən evlənə bilmə ehtimalını da irəli sürür. Lakin sinyor Rosselini Anjelikanı elə ilk baxışdan haradansa tanıdığını bildirəndə o, vəziyyətdən çıxış yolu kimi: «Ola bilər, Venesiyada, qonaqlıqda», – deyə cavab verir.
Anjelikanın alman ordusunun zabiti kimi təqdim etdiyi Mixaylo az sonra içəriyə girərək sinyor Rosseliniyə silah çəkib ərzaq anbarlarının yerini soruşduqda qorxusundan geriyə doğru addımlayan Rosselini güldana toxunub onu yerə salır. Bu zaman o, ətrafa səpələnən gülləri görüb: «A, tanıdım... gülsatan qız», – deyə, nəhayət ki, Anjelikanı harada gördüyünü xatırlayır.
Məsəllər, deyimlər