Baş cümlədə buraxılmış və ya əvəzlik-qəliblə ifadə olunmuş təyinin suallarına cavab verən budaq cümlə.
Adətən, təyin budaq cümləsinin baş cümləsində o, bu, elə, belə, həmin, bir, elə bir, o qədər və s. əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər budaq cümlənin bu növündə özündən sonra isim tələb edir. Təyin budaq cümləsi əksər zaman baş cümlədən sonra gəlir. Bu vaxt əlaqə vasitəsi ya ki tabelilik bağlayıcısı, ya da intonasiya olur; məs.: Mən o (hansı?) kəndləri gəzmişəm ki, havası havadır, suyu sudur. Elə (necə?) otlar var, min bir dərdin dərmanıdır. Bəzi təyin budaq cümlələrində budaq cümlə baş cümlədən əvvəl gəlir. Bu zaman o, bağlayıcı sözlə əlaqələnir: Qızım, ürəyin kimə yatsa, səni o adama ərə verəcəyəm (Y.V.Çəmənzəminli).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti