Reklam
Reklam

Məsəllər, deyimlər

ÜZƏ BİLMİRSƏNSƏ, BÜTÜN HƏYATINI İTİRDİN...

Başqalarının elmsizliyinə rişxənd etməkdənsə, çətin vəziyyətlərdən xilas olmaq üçün özündə zəruri vərdişlər tərbiyə etməyin daha vacib olduğunu bildirən ifadə.

İfadə xalq arasında xeyli məşhur olan bir əhvalatdan qaynaqlanaraq yayılmışdır.

Bir nəhv (qrammatika) alimi könlünü şad etmək üçün dəniz gəzintisinə çıxır. Bir qayığa əyləşib hərəkət işarəsi verir. Özündənrazı olan bu alim üzünü qayıqçıya tutub:

– Sən heç nəhv oxudunmu? – deyir.

Qayıqçı fağır-fağır «Xeyr!» dedikdə – alim:

– Hesab et ki, həyatının yarısını itirmisən, – deyir.

Qayıqçı onun bu təkəbbür və kobudluğuna qarşı çox əsəbiləşir, qəlbi qırılır. Lakin susur, dərhal cavab vermir.

Az keçmir ki, irəliləyən bu qayığı külək bir burulğana salır.

Qayıqçı o nəhv alimini səsləyir:

– Sən üzməyi bilirsənmi?

Nəhv alimi «Bilmirəm!» deyəndə qayıqçı:

– Ey nəhv alimi! Hesab et ki, həyatının hamısını itirdin. Çünki qayıq bu burulğandan çıxa bilməyəcək, burada üzmək lazımdır, qrammatika bilmək yox.

Məsəllər, deyimlər