Reklam
Reklam

Məsəllər, deyimlər

VYETNAM SİNDROMU

İnsanın idarəolunmaz aqressiyasını, dağıtmaq, hətta öldürmək istəyi ilə müşayiət olunan ağır psixopatik vəziyyətini səciyyələndirən ifadə.

İfadə ABŞ-ın Vyetnamda apardığı uzunmüddətli müharibə ilə əlaqədar meydana çıxaraq yayılmışdır.

Amerika siyasətçilərinin yol verdikləri səhv üzündən 1957-ci ildə Vyetnama qarşı başlamış qanlı müharibə 18 il davam etmişdi. ABŞ bu müharibədə guya Cənubi Vyetnamın mövqeyini müdafiə edən sülhməramlı kimi çıxış edirdi. Amma hadisələrin gedişi açıq şəkildə göstərirdi ki, Amerika hərbçiləri bu müharibədə işğalçılıq niyyəti güdür. Dünya ictimaiyyətinin müqaviməti sayəsində onların istəkləri baş tutmadı və hərbi əməliyyatlar başa çatandan sonra Vyetnam yenə bütöv dövlət kimi qaldı. Məlum oldu ki, milyonlarla insanın həyatına son qoymuş bu müharibə tamamilə mənasız imiş.

Tədqiqatçılar qeyd edirlər ki, Vyetnam sindromuna yanaşma tərzindən asılı olaraq onun bir neçə forması var. Birincisi, ABŞ siyasəti sferasında Vyetnam sindromu – vətəndaşların həmin ölkədə müharibənin davam etməsi üçün döyüşməyi rədd etməsi, hərbi əməliyyatları başladan siyasi xadimlərin öz seçiciləri tərəfindən kəskin tənqid olunması, sıravi amerikalıların bu mənasız müharibənin qurtarması ilə bağlı tələbləridir. İkincisi, sosial sferada Vyetnam sindromu – hərbi əməliyyatlarda iştirak edənlərə qarşı açıq, yaxud gizli nifrətdir. Veteranları qatil adlandırır, onlara insan cildinə girmiş canavar kimi baxır, adi həyatda onlara ehtiyatla yanaşır və çox zaman qəsdən bu həyata uyğunlaşmalarına mane olurdular.

Bundan başqa, ölkədə mövcud olan sosial nifrət və fərdi-psixoloji problemlər də müharibədən qayıdan əsgərlərdə Vyetnam sindromu deyilən natamamlıq kompleksinin yaranmasına gətirib çıxardı.

Sonralar bu sindrom Əfqanıstanda aparılmış hərbi əməliyyatlarda iştirak edənlərdə də müşayiət olunmağa başladı. Bunun adını «əfqan sindromu» qoysalar da, mahiyyətcə elə Vyetnam sindromu idi.

Məsəllər, deyimlər