Reklam
Reklam

Məsəllər, deyimlər

XEYİR VERƏNƏ XEYİR, ZƏRƏR VERƏNƏ ZƏRƏR

►Hər insana öz əməlinə görə cavab verməyin, onunla layiq olduğu şəkildə davranmağın vacibliyini bildirən ifadə.

İfadə Bəhlul Danəndə haqqında olan ibrətamiz rəvayətdən qaynaqlanır.

Padşah şikara çıxmaq istəyəndə Bəhlul ona bərkdən gülür. Padşahın acığı tutur. Əmr edir ki, Bəhlulu öldürsünlər. Amma kim öldürsün? Heç kəs, hətta cəllad da Bəhlulu öldürməyi boynuna götürmür. Bir qarı padşaha xəlvətcə deyir:

– Mən ona zəhər verib öldürərəm, heç kəs bilməz.

Padşah arvada «afərin» söyləyib yalandan Bəhlula:

– Yaxşı, səni öldürmürəm, günahından keçdim, – deyir.

Padşah şikara gedir. Qadın zəhərlə un yoğurub üç çörək bişirir. Çörəkləri gətirib Bəhlula verib deyir:

– Bəhlul, nəzir eləmişəm, al bu yağlı çörəkləri, yeyərsən.

Bəhlul çörəkləri alıb deyir:

– Allah xeyir verənə xeyir, zərər verənə zərər versin.

Bəhlul çörəyi aparıb bir kənara göy otun üstünə qoyur. Bu zaman yoldan keçən üç adam gəlib ondan çörək istəyir. Bəhlul çörəkləri onlara göstərib deyir:

– Bir arvad nəzir verib. Görün zərər çəkməsəniz, yeyin.

– Adam da Allahın nemətindən zərər çəkərmi? – deyib çörəyi iştahla yeməyə başlayırlar.

Çox keçmir, hər üçü ölür.

Bəhlul evə gələndə çörək verən qadın ondan soruşur:

– Bəhlul Danəndə, nə oldu, çörəyi yedinmi?

Bəhlul cavab verir:

– Yemədim, sənin nəzirini çörək istəyən üç Allah bəndəsinə verdim, bərk ac idilər, yedilər, amma yeyəndən sonra möhkəm yatdılar.

Gəlib görürlər ki, ölən adamlardan biri arvadın əri, biri qardaşı, biri də oğlu imiş.

Məsəllər, deyimlər