xuda sözündəndir. Azərbaycan dilində xoşbəxt, uğurlu mənasını ifadə edir.
Xudu kişi adı XX əsrin qıırxıncı illərinə qədər məişətimizdə geniş yayılsa da, bu gün köhnəlmiş, yalnız soyadlarda yaşayan şəxs adları sırasındadır. Adın daşıyıcılarından azərbaycanlı kristalloqraf-alim, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, görkəmli ictimai xadim, sözün əsl mənasında alim-vətəndaş Xudu Məmmədovun (1927-1988) quruluş təhlili sahəsində “Üç pik teoremi“ nəinki ölkəmizin, eləcə də dünyanın aparıcı universitetlərinin (məsələn, London universitetləri üçün nəşr olunmuş “Kristalların quruluşunun təyini” dərsliyi) dərsliklərinə salınmış, tanınmış mütəxəssislər tərəfindən ən sadə və səmərəli həll kimi yüksək qiymətləndirilmişdir. Sement silikatlarının quruluşuna dair monoqrafiya yazılmasına London nəşrlərindən sifariş olsa da, alim monoqrafiyanı Azərbaycan dilində yazmışdı. Silikat kimyası üçün fundamental əhəmiyyətə malik olan əsər Azərbaycan elm tarixində kristallokimyaya dair ana dilimizdə çıxan ilk kitab idi. Son illər müasir cihazlarla bu mineralların quruluşunun dəqiq tədqiqatları məhz X.Məmmədovun göstərdiyi modellər əsasında aparılır. Xudu Məmmədov bir sıra qeyri-adi kəşflərin müəllifi olmaqla yanaşı, həm də Azərbaycan xalça sənətindəki naxışlarla bərk cisimlərin kristal qəfəsi arasında eynilik olduğunu sübut etmiş, “Naxışların yaddaşı” əsərində qədim naxışların araşdırılması ilə türkçülüyün izlənməsinin mümkünlüyündən bəhs etmişdir. Əsərdə quruluş nədir, naxışlar nə üçün maddələrin daxili quruluşuna bənzəyir, kristalloqrafiya elmi naxışların yaradılmasına nə verə bilər, kimi suallar əsl cavablarını tapmışdır. Ü.Hacıbəylinin xatirəsinə həsr etdiyi “Qoşa qanad” kitabı elmlə sənətin vəhdətini, onların qarşılıqlı əlaqəsini əks etdirən fundamental elmi araşdırmaların nəticəsidir. Qarabağ əsilli bir çox ziyayılarımız kimi, 1988-ci ildə Dağlıq Qarabağ ətrafında Ermənistanın işğalçılıq siyasətinə qarşı vətəndaş çıxışları ilə də yadda qalan bir ictimai xadim olaraq işğalçılıq siyasətinə qarşı vətənpərvər, barışmaz mövqe tuturdu. Bütün bunlar dünya şöhrətli alimin səhhətinə də təsirsiz ötüşmədi. Müharibənin ilk ilində dünyasını dəyişdi.
Azərbaycan şəxs adlarının izahlı lüğəti