Baş cümlədəki hərəkətin, əlamətin zamanını bildirib nə vaxt? nə zaman? haçan? suallarından birinə cavab olan budaq cümlə.
Zaman budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl və sonra gələ bilər. Baş cümlə əvvəl gəldiyi zaman əlaqə vasitəsi ki tabelilik bağlayıcısı olur. Bu zaman baş cümlədə o vaxt, onda, o zaman, o vədə, elə bir vaxtda və bu kimi əvəzlik-qəliblər işlənir; məs.: Mən onda kəndə çatdım ki, hava qaranlıqlaşırdı. İnsanlar öz məskənlərinə o zaman qayıtdılar ki, su, od və vicdanla yoldaş oldular (İ.Şıxlı). Budaq cümlənin baş cümlədən əvvəl gəldiyi cümlələrdə əlaqə vasitəsi o zaman ki, o gün ki, o vaxt ki, nə zaman ki, nə vaxt ki, haçan ki, elə ki və s. bağlayıcı sözlər olur. Bu zaman baş cümlədə əvəzlik-qəlib qarşılıq söz kimi iştirak edir (işlənməyə də bilər); məs.: Elə ki məclis qurtardı, hamı dağılışdı.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti