ərəb. zahra sözündəndir, tərcümədə parlaq, işıqlı, həmçinin bəyaz, ağ mənalarındadır.
Lüğətlərdə gül, çiçək mənaları da qeyd edilmişdir. Zəhra qadın adının müsəlman ölkələrində geniş yayılmasının əsas səbəbi sözün mənası ilə əlaqədar deyildir desək, yəqin ki, səhv etmərik. Zəhra adı İslam dinində müqəddəs adlardan hesab olunur. Bu, adın Məhəmməd Peyğəmbərin qızı, imam Əlinin həyat yoldaşı, imam Həsən və imam Hüseynin anası Fatimənin ləqəbindən (Fatimeyi-Zəhra) olması ilə əlaqədardır. Xanım Zəhra (s.ə.) İslam dinində ideal qadın və həyatda xoşbəxtliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur. Adətən Fatiməyə bu ləqəbin verilməsi onun namuslu, saf və müsbət keyfiyyətləri ilə bağlı olduğu qeyd edilir. Lakin İslam dini ilə əlaqədar mənbələrdə Fatiməyə bu ləqəbin verilməsi bir çox cəhətdən izah edilmişdir. Dinimizdə qadın üçün ən ali cəhətləri birləşdirdiyi üçün hər cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş mənasını ifadə edən Fatimənin Zəhra adlandırılmasının səbəbi onun gündə üç dəfə nurlu camalının həzrət Əli üçün cilvələnməsindən irəli gəlməsi ilə bağlı məlumatlara rast gəlinir. Başqa sözlə, Fatimənin nurlu çöhrəsi əmirəlmöminin Əli üçün sübh tezdən doğan Günəş, günorta nur saçan Ay və axşam parlaq ulduz kimi imiş. Hədislərdə də həzrət Əliyə istinadən qeyd edilir ki, mübarək ramazan ayında Ay səmada hilallaşanda (yəni on dörd gecəlik olanda) Fatimənin nuru Ayın nurunu üstələyirmiş, yəni Fatimə evə girərkən Ayın işığı yenidən aşkar olurmuş. Ərinə və övladlarına çox mehriban, qayğıkeş olduğu üçün xanım Zəhra Haniyyə adı da almışdı. İslam dini ilə bağlı mənbələrdə Zəhra adının Hisan, Hürrə, Seyyidə, Əzra, Həvra, Məryəm, Kübra və Bətul kimi ləqəbləri də qeyd edilmişdir. Sonradan bu adlar da müsəlman ölkələrində geniş yayılmışdır. Məişətimizdə Hürrə (bu gün Huriyə biçimindədir), Seyyidə, Əzra, Məryəm adları daha çox yayılmışdır. Hazırda bu adların da bəziləri məişətimizdə unudulmaqdadır. Zəhra qadın adı isə XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış adlar sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti