Reklam
Reklam

Tarix terminləri lüğəti

evpatridlər

yun. eypatridai – hərfi mənasi: əsilzadə ataların övladları

Afinada iri torpaq sahibi olan nəsli əyanlar; geomorlar (xırda torpaq sahibləri) və demiurqlarla (sənətkarlar) yanaşı, azad əhalinin üç qrupundan biri.

E. XIII əsrdə meydana çıxdıqları ehtimal olunur. Ən yaxşı torpaqları tədricən əllərində cəmləşdirən E. e.ə. VIII–VI əsrlərdə xüsusilə böyük nüfuza, yüksək siyasi hakimiyyətə sahib olublar. Solonun islahatları (e.ə. 594–593) nəticəsində onlar öz imtiyazlarını itiriblər.

Tarix terminləri lüğəti

evpulu

Orta əsrlərdə Yaxın Şərqin bəzi ölkələrində, o cümlədən Azərbaycanda vergi.

E. ailə üzvlərinin sayından asılı olmayaraq hər evdən eyni miqdarda toplanıb, XIII–XIV əsrlərdə xane-şümari adı ilə yığılıb. Vergiyığan məmurların özbaşınalığını məhdudlaşdırmaq məqsədilə Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin “Qanunnamə”sində (XV əsr) xane-şümarinin miqdarı hər evdən ildə 7 axça həcmində müəyyənləşdirilib.

Həmçinin bax:

Tarix terminləri lüğəti

Eyzenhauer doktrinası

ing. Eisenhower Doctrine

Xarici təcavüzə məruz qalmış istənilən ölkənin ABŞ-dan iqtisadi və ya hərbi yardım istəməsinə imkan yaradan konsepsiya, prinsiplər məcmusu.

ABŞ dövlət katibi C.Dallesin hazırladığı bu doktrina prezident D.Eyzenhauerun 1957-ci il yanvarın 5-də konqresə ünvanladığı məktubda öz əksini tapıb. E.D.-nın əsas məqsədi SSRİ-nin Yaxın Şərqdə artan fəallığının qarşısını almaq və bu bölgədə Qərb ölkələrinin, ilk növbədə, ABŞ-ın mövqelərini möhkəmləndirməkdən ibarət olub.

Tarix terminləri lüğəti