Reklam
Reklam

Tarix terminləri lüğəti

lendlord

ing. landlord – hərfi mənası: torpaq lordu

1. Orta əsrlərdə İngiltərədə iri feodal torpaq sahibi, lord.

2. Böyük Britaniyada kapitalist münasibətlərinin inkişafından sonra iri torpaq mülkiyyətçisi, torpaq rentası alan şəxs.

Həmçinin bax:

Tarix terminləri lüğəti

lendlordizm

ing. landlordism < landlord – hərfi mənası: torpaq lordu

Böyük Britaniyanın aqrar quruluşu üçün xarakterik olan kapitalist tipli iri torpaq sahibliyi sistemi.

L.-in əsasını lendlordların torpaq üzərində inhisarı təşkil edib. Lendlordlar torpaq sahələrini fermerlərə icarəyə verərək bunun müqabilində renta əldə ediblər. L. İngiltərədə XIV–XV əsrlərdə formalaşmağa başlayıb, XVII əsr burjua inqilabı onun mövqelərini daha da möhkəmlədib. Çəpərləmələr nəticəsində XVIII əsrdə kəndlilərin torpaqlardan qovulması prosesi başa çatdıqdan sonra ölkənin torpaq fondunun böyük hissəsi lendlordların əlində cəmləşib.

Tarix terminləri lüğəti

leninizm

XX əsr sosiologiyası, politologiyası və ictimai praktikasında ideya cərəyanı; sosialist tipli dövlətlərin rəsmi ideoloji sistemi, habelə zorakı üsüllarla siyasi hakimiyyəti ələ keçirməyə can atan radikal hərəkatlar üçün xarakterik ideologiya.

L. marksizmin bir çox müddəalarının V.Lenin (1870–1924) tərəfindən yenidən işlənməsi nəticəsində təşəkkül tapdığı üçün belə adlanır. L. təkcə nəzəri-ideoloji təlim olmayıb, həm də praktiki fəaliyyət proqramı sayılır. Belə ki, nəzəri cəhətdən əsaslandırılmış məqsədlərə çatmaq üçün zəruri olan konkret praktiki addımlar da L. doktrinasında öz əksini tapıb. Bu doktrina bolşevizmə tam uyğun gəlir. L. termini ilk dəfə sovet lideri İ.Stalin tərəfindən işlədilib. Stalin L.-i “rus mədəniyyətinin ən yüksək təzahür forması” kimi qiymətləndirib.

Tarix terminləri lüğəti

Levallua texnikası

Orta və qismən Üst Paleolit dövrü üçün xarakterik olan daş alət hazırlama texnikası.

Bu texnika əsasında düzəldilmiş alət ilk dəfə Levallua Perre şəhəri (Fransa) yaxınlığında tapıldığı üçün ona belə ad verilib. L.T.-nda əmək aləti hazırlamaqdan ötrü əvvəlcə daşın səthi yanlardan mərkəzə doğru təmizlənir və bağa çanağına bənzəyən nukleus alınır. Nukleusdan isə oval, lövhəşəkilli, düzbucaqlı, yaxud üçbucaq formalı hissələr qoparılaraq onlardan alətlər düzəldilir. XIX əsrdə bu texnikanın yalnız “Levallua mədəniyyəti” üçün xarakterik olduğu güman edilib. Lakin sonrakı tədqiqatlar L.T.-nın universal xarakter daşıdığını göstərib. Eyni texnika ilə hazırlanmış əmək alətləri Azərbaycanda Azıx, Tağlar və Daşsalahlı mağaralarında da aşkarlanıb.

Tarix terminləri lüğəti

levellerlər

ing. levellers – hərfi mənası: bərabərləşdiricilər

İngiltərə burjua inqilabı (XVII əsr) dövründə radikal siyasi qruplaşma.

Bu qrup İngiltərədə ənənəvi olaraq partiya adlanır. L. 1647-ci ilə qədər independentlərin sol qanadı kimi fəaliyyət göstəriblər, sonra onlardan ayrılıblar. L. monarxiyanın, lordlar palatasının və silki imtiyazların ləğvini tələb ediblər, İngiltərənin birpalatalı parlament respublikasına çevrilməsinə tərəfdar olublar. Onlar vətəndaşların qanun qarşısında bərabərliyi, məhkəmə və hüquq sahəsində köklü islahatların aparılması uğrunda mübarizə aparıblar. L. inhisarların ləğvi, vergi yükünün azaldılması, çəpərləmələr nəticəsində kəndlilərdən alınmış torpaqların geri qaytarılması və bu kimi tələblər irəli sürüblər. Lakin L. xüsusi mülkiyyətin və zadəgan torpaq sahibliyinin aradan qaldırılmasına qarşı çıxıblar, həmçinin şəhər və kənd yoxsullarının bərabərlik tələblərinin əleyhinə olublar. Bu zəmində onlarla diggerlər (“həqiqi” L.) arasında ciddi ixtilaflar yaranıb. 1649-cu ilin may və sentyabrında L.-in təşkil etdikləri əsgər qiyamları yatırıldıqdan sonra onların siyasi fəaliyyəti zəifləyib, XVII əsrin 50-ci illərində isə tamamilə dayandırılıb.

Tarix terminləri lüğəti

levirat

lat. levir – qayın, ərin qardaşı

Dul qadının ölmüş ərinin qardaşına ərə getmək borcu və ya hüququ; nikah adəti.

L. qrup nikahının qalığı kimi qəbilə quruluşu dövründə bir çox xalqlarda geniş yayılıb. Qafqazda və Orta Asiyanın bəzi yerlərində L. adətinə indi də təsadüf edilir.

Tarix terminləri lüğəti

ləbbadə

Arxalıq biçimində hazırlanmış üst geyim tipi.

L. gövdə, ətək və qollardan ibarətdir. Onun yaxası açıq, qolu və ətəyi qısa, bel hissədə bağları olur. L. Ön Asiya xalqları arasında da geniş yayılıb. Bəzi irandilli xalqlarda L. kişi geyimidir, lakin Azərbaycanda o, qadın geyimi olaraq tirmə, darayı, məxmər və s. parçalardan tikilib, Talış və Şəki bölgələrində daha çox yayılıb.

Tarix terminləri lüğəti

liberal

lat. liberalis – azad

Azadfikirli insan.

Liberalizm cərəyanının tərəfdarları, eləcə də bir çox dövlətlərdə mövcud olan liberal partiyaların üzvləri də L. adlanır. Bəzənsə L. sözü həddən artıq mərhəmətli, güzəştə gedən adam anlamında işlənir.

Tarix terminləri lüğəti