Reklam
Reklam

Tarix terminləri lüğəti

Misir yazısı

Dünyanın ən qədim yazı sistemlərindən biri.

M.Y.-nın üç növü olub: heroqlif, hepatik və dematik. Ən qədim heroqlif mətnləri e.ə. XXXII əsrə, son heroqlif mətnləri isə eramızın III əsrinə aid edilir. Bu yazının inkişafı nəticəsində daha sürətlə yazmağa imkan verən hepatik kursiv yazı meydana gəlib. E.ə. VIII–VII əsrlərdə isə dematik kursiv yazısı yaranıb. Sonuncu dematik yazılar eramızın V əsrinə aid edilir. M.Y. ilk dəfə 1822-ci ildə fransız şərqşünası J.F.Şampolyon tərəfindən oxunub.

Tarix terminləri lüğəti

missionerlik

lat. missio – göndərmə, tapşırıq

Dini təşkilat və kilsələrin öz təlimlərini başqa dinlərə etiqad edənlər arasında yaymaq istiqamətində fəaliyyəti.

M. bütün dünya dinləri üçün xarakterikdir, lakin onun həyata keçirilmə formaları fərqlənir. Katolisizmpravoslavlıqda M.-lə, əsasən, din xadimləri məşğul olur, protestantlıqda isə bu hər bir inanc sahibinin borcu sayılır. İslamda M.-lə əvvəllər müsəlman tacirləri məşğul olublar, sufilik inkişaf etdikdən sonra isə həmin funksiyanı sufi dərvişləri yerinə yetiriblər.

Tarix terminləri lüğəti

mitropolit

yun. metropolites – baş şəhərdən olan adam

Xristian kilsəsində qədimliyinə görə ilk yepiskop titulu.

M. termini məhz “metropoliya” sözündən yaranıb. Böyük şəhərlərdə, metropoliyalarda bir neçə yepiskop olduğu üçün onlara rəhbərliyi həyata keçirmək üçün xüsusi ruhani rütbəsi təsis edilib. Müasir dövrdə Şərq kilsələrində, (məs.: Rus pravoslav kilsəsində) M. patriarxdan sonra ikinci ali dini rütbə (arxiyepiskopdan yüksək) sayılır.

Tarix terminləri lüğəti

mizraq

ər. – cida

Nizənin bir növü olan deşici alət.

Metaldan düzəldilən sivriuclu M. ağac və ya metal sapın ucuna keçirilib. Onunla, əsasən, əlbəyaxa döyüş zamanı silahlanıblar. Tunc dövründən məlum olan M.-dan piyada qoşunlarında XVIII əsrədək, süvari dəstələrində isə I Dünya müharibəsinədək istifadə edilib. Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı Tunc və Dəmir dövrlərinə aid xeyli sayda M. nümunələri aşkarlanıb.

Tarix terminləri lüğəti

molla

ər. – ağa, hakim

Kiçikrütbəli müsəlman din xadimi.

M. dini mərasimlərin icrasına rəhbərlik etməklə yanaşı, dini məktəblərdə (mollaxana, mədrəsə və s.) dərs deyib və qazı vəzifəsini yerinə yetirib. Keçmişdə tanınmış şair və alimlərə də hörmət əlaməti olaraq M. deyə müraciət ediblər; məs.: Molla Pənah Vaqif, Molla Vəli Vidadi və s.

Tarix terminləri lüğəti

mollaxana

ər. – ağa, hakim + fars. – məkan

XX əsrin əvvəlinədək Azərbaycanda geniş yayılmış ibtidai təhsil müəssisəsi.

M. həm də mədrəsəyə daxil olmaq üçün hazırlıq pilləsi hesab olunub. Buraya 8-9 yaşlı uşaqlar qəbul edilib. Mollaya yaşlı şagirdlərdən təyin edilən köməkçi – xəlfə yardım göstərib. M.-lardakı sxolastik tədris üsulları və əzbərçilik təhsilin aşağı səviyyədə olmasını şərtləndirib. M.-larda cismani cəzalar (falaqqa cəzası və s.) da tətbiq edilib.

Tarix terminləri lüğəti

molokanlar

Pravoslavlıqdan ayrılmış dini təriqət, eləcə də rusların tərkibində xüsusi etnoqrafik qrup.

Bu təriqət XVIII əsrin 60-cı illərində Tambov quberniyasında yaranıb, sonra Rusiyanın digər bölgələrinə də yayılıb. M. termininin mənşəyi barədə çoxsaylı fərziyyələr var. Bəziləri bu adı M.-ın qida rasionunda südün (rus. молоко) mühüm yer tutması ilə əlaqələndirirlər, digərləri isə onların sürgün edildiyi Melitopol qəzasındakı Moloçnaya çayının adı ilə bağlayırlar. M.-ın özlərinin fikrincə isə həmin termin Bibliyadakı “mənəvi süd” (духовное молоко) ifadəsindən yaranıb. M. rəsmi pravoslav kilsəsinin bir sıra ehkamlarına (kilsə mərasim və ayinləri, kilsə iyerarxiyası, rahiblik institutu, müqəddəslər kultu və s.) qarşı çıxdıqları üçün hakimiyyət tərəfindən bidətçi kimi təqib olunublar, Rusiya imperiyasının ucqarlarına, o cümlədən Azərbaycana (əsasən, Şamaxı və Göyçay qəzalarına) sürgün ediliblər.

Tarix terminləri lüğəti