ABŞ prezidenti C.Monronun 1823-cü il dekabrın 2-də konqresə illik müraciətində əks olunmuş xarici siyasət prinsipləri bəyannaməsi.
Əsas şüarı “Amerika amerikalılar üçündür” olan M.D.-nda üç əsas prinsip var: Amerika dövlətlərinin Avropanın daxili işlərinə qarışmaması; Avropa dövlətlərinin Amerikanın daxili işlərinə qarışmaması; Avropa dövlətlərinin hər hansı formada Amerika dövlətlərinin müstəqilliyi üçün təhlükə yaratmaq və onları müstəmləkə əsarətinə almaq cəhdlərinin qarşısının qətiyyətlə alınması. Bu doktrinanın məqsədi müstəmləkəçiliyə qarşı mübarizə deyil, Avropa ölkələrinin Amerika qitəsinə ekspansiyasının qarşısını almaq olub. M.D., ilk növbədə, həmin dövrdə Amerikadakı keçmiş müstəmləkələrində öz ağalığını bərpa etməyə çalışan İspaniyaya qarşı çevrilib.
Tarix terminləri lüğətiər. muxtar – imtiyazlı, ixtiyarı olan, müstəqil
Dövlətin hər hansı bölgəsinin (əyalətinin) və ya etnik toplumunun daxili özünüidarə hüququ.
M.-in iki əsas forması var: ərazi M.-i və mədəni M. Ərazi M.-i mərkəzi hökumətlə razılaşdırılmış səlahiyyətlər çərçivəsində müəyyən bölgəyə müstəqil fəaliyyət göstərmək hüququ verir. Mədəni M. isə konkret etnik azlığa ana dilini, adət-ənənələrini, mədəniyyətini sərbəst şəkildə inkişaf etdirmək üçün geniş imkanlar yaradır.
Həmçinin bax:
Tarix terminləri lüğətiBir qayda olaraq, hər hansı ölkədə dövlət quruluşunu və idarəçilik formasını müəyyənləşdirmək, konstitusiyanı hazırlayıb qəbul etmək məqsədilə çağırılan seçkili nümayəndəli orqan.
Bu məqsədlərlə yaradılmış M.M. dünyanın bir çox ölkələrində fəaliyyət göstərib. AXC dövründə (1918–1920) ölkənin dövlət quruluşunu qəti olaraq müəyyənləşdirmək, eləcə də konstitusiyanı hazırlamaq üçün parlament tərəfindən Ümumazərbaycan M.M.-nin çağırılmasını nəzərdə tutan xüsusi qanun qəbul edilib. Lakin 1920-ci ilin aprel işğalı bu qanunun icrasına imkan verməyib.
Tarix terminləri lüğətiər. – ilahiyyat elmində ən yüksək dərəcəyə çatmış
İslam dini qanunları və ehkamlarını müstəqil şəkildə təfsir və şərh etmək səlahiyyəti olan ali ruhani titulu; müsəlman ilahiyyatçısı və qanunşünası.
Sünnilərdə məzhəblərin banisi, şiələrdə isə ən nüfuzlu ali ruhanilər M. adlanır.
Tarix terminləri lüğətiər. – mübariz, döyüşçü
Cihadın iştirakçısı.
M. termini “cihad” sözü ilə eyni kökə malik olub, öncə din uğrunda mübariz, müqəddəs müharibələrin iştirakçısı anlamında işlənib. Sonralar terminin mənası genişlənib. Müasir dövrdə müsəlman Şərqində sosial və milli azadlıq hərəkatlarının iştirakçıları da M. adlandırılır.
Tarix terminləri lüğətiər. – tapşırığı yerinə yetirən, icra edən
Orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda nəzarətçi funksiyasını yerinə yetirən məmur; həmin məmurun tutduğu vəzifə.
M. bir çox işlərin icrasına, məsələn, taxılın xırmanda döyülməsinə nəzarət edib, hazır məhsulu ölçüb, onun müəyyən hissəsini dövlətin və ya feodalın xeyrinə götürüb. Səfəvilər dövründə M. vəzifəsi daha geniş yayılıb.
Tarix terminləri lüğətiDövlətlər, şəhərlər və ayrı-ayrı feodallar tərəfindən muzdla tutulan peşəkar döyüşçülərdən ibarət qoşun.
M.O.-lardan Qədim Misirdə, İranda, Karfagendə, xüsusilə Qədim Romada geniş istifadə olunub. II Pun müharibələrindən (e.ə. 218–201) sonra Romada azad kəndlilərin müflisləşməsi ilə əlaqədar əvvəlki xalq qoşununun (milisin) peşəkar ordu ilə əvəzlənməsi prosesi başlanıb. Roma ordusunda muzdlu döyüşçülər dövlətdən maaş, silah, paltar və s. alıblar. Hərbi xidmət müddəti (16 il) başa çatdıqdan sonra isə onlara mükafat olaraq torpaq sahəsi də verilib. XIV əsrin əvvəlindən Qərbi Avropada mərkəzləşdirilmiş dövlətlərin formalaşması ilə əlaqədar krallar öz hakimiyyətlərini möhkəmlətmək üçün M.O.-lar yaratmağa başlayıblar. XVI əsrdən isə təkcə müharibə dövründə deyil, daimi fəaliyyət göstərən M.O.-lar meydana gəlib. XVI–XVII əsrlərdə iri dəniz dövlətləri – İspaniya və İngiltərə, Niderlandın muzdlu hərbi donanmaları olub.
Tarix terminləri lüğətifr. mousquetaire < mousquet – muşket
1. XVI–XVII əsrlərdə muşketlə silahlanmış piyada döyüşçü.
M.-lardan ibarət hissələr bütün Avropa ordularında olub. XVII əsrin sonunda Avropada muşketlər çaxmaqdaşlı tüfənglərlə əvəzlənsə də, Prussiyanın və bir sıra digər ölkələrin ordularında XIX əsrin əvvəlinədək piyadaları M.-lar adlandırmaqda davam ediblər.
2. 1662–1775-ci illərdə Fransada kralın süvari qvardiyasının müstəsna olaraq zadəganlardan toplanan hissəsi.
Tarix terminləri lüğətifr. mousquet, isp. mosquete < lat. muscheta – atma silah növü
Fitilli odlu silah, tüfəng növü.
M. XVI əsrin başlanğıcında İspaniyada ixtira edilib, sonra isə Almaniya, Fransa və digər Avropa ölkələrinə yayılıb. Kalibri təqribən 20 mm, çəkisi isə 8-10 kq olan M. 250 m-dək məsafədə hədəfi zərərsizləşdirə bilib. XVII əsrin sonunda Fransada, sonra isə digər ölkələrdə bu silah çaxmaqdaşlı tüfənglərlə əvəzlənib.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. municipium < munus – hədiyyə, vəzifə, xidmət + capio – götürürəm
Qədim Roma dövlətində italik şəhərlərin, e.ə. III əsrdən isə həmçinin əyalət şəhərlərinin statutu.
M.-ın azad əhalisinə Roma ilə müqavilə əsasında tam və ya məhdud Roma vətəndaşlığı verilib. Müqavilənin xarakterinə görə M. iki kateqoriyaya bölünüb. I kateqoriya M. Romada bütün vətəndaş və siyasi hüquqlara malik olub, eləcə də özünüidarə hüququndan istifadə edib. II kateqoriya M.-ın sakinləri isə Romada siyasi hüquqlardan məhrum olsalar da, Roma vətəndaşlarının vəzifələrini yerinə yetiriblər. İmperiya dövründə M. statutu imtiyaz kimi əyalət şəhərlərinə də verilib. 212-ci ildə imperiyanın bütün azad əhalisi Roma vətəndaşlığı aldıqdan sonra şəhərlərin hamısı M.-a çevrilib.
Tarix terminləri lüğətiər. – fitva verən, qərar çıxaran
İslamda dini-hüquqi məsələlərdə qərar vermək, şəriət qaydalarını təfsir etmək hüququ olan ali ruhani.
Orta əsrlərdə nəinki hökmdarların, həm də ayrı-ayrı əyalət başçılarının yanında M.-lər olub, onların dini məsələlər üzrə çıxardıqları qərarlar əhali üçün məcburi sayılıb. Ölkədə bir neçə M. olduqda onlara rəhbərliyi həyata keçirmək üçün baş M. təyin edilib; məs.: XV əsrdən başlayaraq İstanbul M.-sı Osmanlı dövlətinin baş M.-si sayılıb. Rusiya imperiyasında isə XIX əsrdə sünnilər yaşayan ərazilərdə yaradılmış müsəlman idarələrinin başçıları M. adlandırılıb.
Tarix terminləri lüğəti