Reklam
Reklam

Tarix terminləri lüğəti

patriarxal

yun. pater – ata + arche – başlanğıc, hakimiyyət

1. Patriarxat dövrünə aid olan.

2. Vaxtı ötmüş köhnəliyə, ənənəyə sadiqlik, köhnəpərəstlik.

Tarix terminləri lüğəti

patriarxat

yun. pater – ata + arche – başlanğıc, hakimiyyət

Kişinin təsərrüfat, cəmiyyət və ailədə üstün rolunu təmin edən iqtisadi, ictimai və ideoloji münasibətlərin məcmusu.

P. ibtidai icma quruluşunun dağılması dövründə yaranıb və sonralar da uzun müddət mövcud olub. Əvvəllər tədqiqatçılar P.-ı birmənalı olaraq insan cəmiyyətinin başlanğıc forması hesab ediblər; məs.: XIX əsr ingilis alimi Q.Menin fikrincə, bəşəriyyətin inkişafı partiarxal ailədən patriarxal qəbilə və tayfaya, oradan isə dövlətə doğru gedib. Lakin öncə amerikalı tarixçi L.Morqan, sonra isə alman filosofu F.Engels bu fikrin yanlışlığını sübuta yetirməyə çalışıblar, matriarxatın (anaxaqanlığının) insan cəmiyyətinin ilkin forması olduğu barədə iddia irəli sürüblər. Onların fikrincə, matriarxatdan P.-a keçid yalnız cəmiyyətin sonrakı inkişaf mərhələsində baş tutub. Bununla belə, P.-ın ilkinliyi və qədimliyi nəzəriyyəsi etnologiyada aparıcı yer tutur, matriarxatın mövcudluğu isə, əsasən, inkar olunur.

Tarix terminləri lüğəti

patrisilər

lat. patrisii < pater – ata

Qədim Romada öncə nəsli icmaya daxil olan və özünü plebeylərə qarşı qoyan bütün yerli əhali; sonralar isə qəbilə aristokratiyasının nümayəndələri.

E.ə. VI əsrin sonunda qəbilə quruluşunun dağılması və dövlətin yaranması ilə P. Roma respublikasında hakim təbəqəyə çevriliblər. İctimai torpaqlardan istifadə üçün müstəsna hüquqa malik olmaları onların iqtisadi qüdrətinin əsasını təşkil edib. E.ə. III əsrin başlanğıcında plebeylərin hüquqları P.-lə bərabərləşdirilib. Bundan sonra P. plebeylərin yuxarı təbəqəsi ilə birləşərək nobilitet yaradıblar.

Tarix terminləri lüğəti

patron

lat. patronus – himayəçi

1. Qədim Romada özünün şəxsi asılılığında olmuş və sonradan azad edilmiş qulların, habelə kliyentlərin himayədarı, məhkəmədə onların müdafiəçisi kimi çıxış edən əsilzadə.

2. Bir sıra ölkələrdə müəssisə sahibi.

3. Aralarında asılılıq münasibətləri olan iki tərəfdən biri, sahib tərəf.

See also:

Tarix terminləri lüğəti

patronat

lat. patronus – himayəçi

Qədim Romada himayədarlığın xüsusi forması.

P., əslində, tamhüquqlu olmayan yoxsul vətəndaşları varlı təbəqə nümayəndələrindən asılı vəziyyətə salıb. Qəbilə quruluşunun dağıldığı dövrdə yoxsul nəsillərin üzvləri, eləcə də bəzi plebeylər nüfuzlu vətəndaşların P.-ına keçərək onların kliyentlərinə çevriliblər. Roma imperiyasının son dövrlərində xırda torpaq sahibləri və hətta bütöv kəndlər, icmalar, şəhərlər bu və ya digər senatorun P.-ına verilib. Hər hansı varlı vətəndaşın P.-ını qəbul edən şəxs bu yolla məmur, hakim və sələmçilərin özbaşınalığından xilas olmağa, eləcə də vergi yükünü azaltmağa çalışıb. Belə ki, patron kliyentini öz nəslinə daxil edərək ona torpaq payı ayırıb və məhkəmədə müdafiəsində dayanıb.

Tarix terminləri lüğəti

pay torpaq sahibliyi

XIX əsrin sonu – XX əsrin əvvəlində Rusiyada kəndli torpaq sahibliyi sistemi.

Belə sahiblik növü təhkimçiliyin ləğvi (1861), dövlət islahatının həyata keçirilməsi nəticəsində yaranıb. P.T.S.-nin, əsasən, iki forması (icma və həyətbaşı) olub. Lakin bu yeni sistem də yarımtəhkimçilik xarakteri daşıyıb, çünki kəndlilərin pay torpaqlarını satmaq, girov qoymaq və ya bağışlamaq hüququ olmayıb. Yalnız Stolıpinin XX əsrin əvvəlində həyata keçirdiyi aqrar islahat kəndliyə icmadan çıxmaq və pay torpağını heç bir məhdudiyyət olmadan şəxsi mülkiyyətə çevirmək hüququ verib. Azərbaycanda P.T.S. 1870-ci il kəndli islahatından sonra yaranıb.

Tarix terminləri lüğəti

peçeneqlər

Qədim türk tayfa ittifaqı.

VI əsrdə İssıkkul və Balxaş gölləri ətrafında yaşayan P. daha sonra qərbə doğru hərəkət edərək VIII–IX əsrlərdə Aral dənizi ilə Volqa çayı arasındakı ərazilərdə məskunlaşıblar. IX əsrin sonunda oğuzlarxəzərlər tərəfindən sıxışdırılan P. Volqanı keçərək Don çayından Dunay çayının mənsəbinə kimi Qara dənizin bütün şimal sahillərini ələ keçiriblər. P.-in əsas məşğuliyyəti maldarlıq olub. Onlar Bizansın müttəfiqi qismində ruslara qarşı yürüşlərdə fəal iştirak ediblər. 915–1036-cı illəri əhatə edən rus-P. müharibələrində ruslara ağır zərbələr vurublar. Lakin XI əsrin ortalarında P. poloveslər və oğuzlar tərəfindən yenidən sıxışdırılıblar, bu dəfə Dunayın yuxarılarına və Karpat dağlarına doğru çəkilməli olublar. Qara dəniz sahillərində onların yerini poloveslər tutublar. P.-in bir hissəsi Macarıstan və Bolqarıstana köç edərək orada yerli əhali ilə qaynayıb-qarışıb, əsas hissəsi isə poloveslərlə birləşib. Bu ittifaqa daxil olan tayfalar peçeneq dilində danışıblar. Bəzi tədqiqatçılar peçeneq dilinin oğuz, digərləri isə qıpçaq dilləri qrupuna daxil olduğunu göstərirlər. P. termininin etimologiyası dəqiq müəyyənləşməyib. Rus tarixçisi S.Pletnyovanın fikrincə, bu söz peçeneq tayfa ittifaqının əfsanəvi başçısı Beçenin adından yaranıb.

Tarix terminləri lüğəti